Ətin bahalaşmasının səbəbi bu imiş
Ətin qiyməti sürətlə artır.
Bəzi mətbuat orqanlarında verilən materaillarda ətin bahalaşma səbəbi kimi bir neçə aylıq quzuların kəsilməsi göstərilir.
Son illərdə respublikada qoyunçuluğun inkişaf dinamikasında azalmanın səbəbi kimi bölgələrdə 3-4 aylıq quzuların kəsimə verilməsi, bunun damazlıq genefonduna mənfi təsiri vurğulanır.
Fermerlər alıcıların kiçik heyvan ətinə üstünlük verməsini, bu cür ətin maya dəyərinin iqtisadi baxımdan çox baha başa gəldiyini irəli sürüb.
Bəs, irəli sürülən bu kimi amillərin ətin bahalaşmasına təsir etdiyini demək nə qədər doğrudur?
İqtisadçı Akif Nəsirli TNS-ə açıqlamasında bildirib ki, hazırda ətin bahalaşmasının əsas səbəbi qıtlıqdır: “Azərbaycanda daxili istehsal getdikcə azalır. Bu istiqamətdə müəyyən səbəblərdən ətin maya dəyəri bahalaşır, həm də ət istehsalı getdikcə aşağı düşür. Buna görə də vaxtaşırı olaraq, ətin qiyməti artır. Quzunun kəsilməsi səbəb deyil. Söhbət yetkin ətdən gedir. Tutaq ki, bəziləri 10 kiloluq quzu kəsir, təbii ki, bu, baha olacaq. O cür heyvanların ətinin kilosu 25 manatdan satılır. Amma hamı 10 kiloqluq quzu əti almır axı. Bu cür heyvanlar yalnız sifarişlə kəsilir. Sifarişi edən şəxsə çatdırılır və pulu alınır. Heç bir qəssab kütləvi satış üçün 10 kiloqramlıq quzu kəsmir. Ona görə bu barədə səsləndirilən fikirlər bəhanədir. Sadəcə olaraq, ətin bahalaşmasının səbəbini başqa cür izah edə bilmədikləri üçün bu fikri irəli sürürlər”.
Aygün