Bazarda işləyənlər vergi uçotuna alınır - Qiymətlər qalxacaq?
2025-ci ildən bazarlarda fəaliyyət göstərən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək.
Yalnız bundan sonra onların fəaliyyətinə icazə veriləcək. Əks təqdirdə bazarların mülkiyyətçiləri və ya idarəçiləri cərimələnəcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub.
Bu amil həmin insanlar üçün hansı çətinlikləri yaradacaq?
Bu yeniliyin qiymətlərin artmasına təsiri gözləniləndirmi?
Mövzu ilə bağlı TNS-ə danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, bu tətbiqdə vergilərə yüklənmək, daha çox cərimələr və daha çox verginin toplanmasının əsas hədəf olduğu görünür: “Belə təcrübə dünyanın hər yerində var. Dünyada belədir ki, bazarlar bələdiyyələrin ərazisində fəaliyyət göstərir. Həmin şəxslər bələdiyyədə qeydiyyata düşüb, öz məhsullarını satırlar. Bizdə isə belə deyil. Yeni mexanizmin necə olacağı bilinmir. Vergi ödəyicisi kimi qeydiyyata düşməyin nə demək olduğu tam aydın deyil. Tutaq ki, sahibkar VÖEN açıb, xidmət göstərəcəksə bu, əlavə öhdəlik və xərclər yaradacaq. POS-terminal alınmalıdır, mühasib saxlanmalıdır və s.”.
İqtisadçı qeyd edib ki, yeni qayda bazarlarda qiymətlərə təsir edəcək: “Bazarda fəaliyyət göstərən adi bir fermer düşünək. O, bazara birbaşa çıxış imkanı qazanıbsa, əlavə xərcləri təbii ki, qiymətin üzərinə yükləyəcək. Yəni, vergi öhdəliyi artıqca, qiymətlər yüksəlir. Bu hal qaçılmazdır. Bu tipli qaydalar tətbiq olunduqca, bazarlarda daha çox qiymət artımını müşahidə edəcəyik”.
Aygün