Close

Yeni il tətilini harada keçirmək olar?

Qarşıdan qış tətili gəlir. Yeni il ərəfəsində və qeyri-iş günlərində insanlar üçün istirahət etmək fürsəti yaranır.

Bu baxımdan, istirahət etmək istəyənlər ölkə daxilində, ya xaricdə dincələcəklərini indidən planlaşdırırlar.

Mövzu ilə bağlı TNS-ə danışan turizm məsələləri üzrə mütəxəssis Ceyhun Aşurov bildirib ki, artıq tətillərlə bağlı kifayət qədər kampaniyalar var: “Düşünürəm ki, Yeni illə bağlı ölkə daxilində də təlabat yüksək olacaq. Müəyyən regionlarda otellər bununla bağlı kampaniyalar elan edib. Nəzərə alaq ki, bu kampaniyalar elə də uzunmüddətli olmur. Əsasən, Yeni il ərəfəsi və Yeni ilə düşən 2-3 gün, dekabrın son günləri banket, hər hansı musiqli ziyafətlər keçirilir. Bununla paralel olaraq, xaricə də səfər etmək mümkündür. Ölkə xaricinə gedən vətəndaşaların sayında da artım olur”.

Ekspert qeyd edib ki, Yeni il ərəfəsində xüsusilə Dubay, Misir, Türkiyə kimi ölkələrə getmək istəyənlər çox olur: “Viza tələb edilməyən, yaxud daha asan olan yerlərə tələbat daha çoxdur. Eyni zamanda, birbaşa uçuş imkanları olan və uçuşların qiyməti elə də yüksək olmayan ölkələrə maraq daha çoxdur”.

C.Aşurov onu da vurğulayıb ki, bu il Gürcüstanda olan gərginliklə əlaqədar olaraq həmin ölkəyə Yeni il turlarında bir qədər azalma ola bilər: “Qonşu Gürcüstanda baş verənlərlə bağlı bu ölkəyə gedənlərin sayında azalma gözlənilir. Amma ümumilikdə Yeni il bayramını dəyərləndirmək istəyənlər üçün kifayət qədər imkanlar var. Məsələn, rayonlarda kənd evləri, villaların sayı ildən-ilə artmaqdadır ki, bu da yaxşı istirahət üçün alternativ imkanlar yaradır”.

Aygün