Azərbaycanın ən çox qeyri-neft məhsullarını ixrac etdiyi ölkələr...
Cari ilin yanvar-oktyabr ərzində Rusiya Federasiyasına 956.7 milyon ABŞ dolları, Türkiyəyə 477,6 milyon ABŞ dolları, Gürcüstana 234,6 milyon ABŞ dolları, İsveçrəyə 168,9 milyon ABŞ dolları, ABŞ-yə isə 118,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
TNS xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac İcmalı”da deyilir.
2024-cü ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (113 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda İsveçrə (49.3 milyon ABŞ dolları) ikinci və Türkiyə (42.5 milyon ABŞ dolları) üçüncü olub.
2024-cü ilin oktyabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (48,1 milyon ABŞ dolları) birinci, xurma (23,8 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,4 milyon ABŞ dolları) üçüncü olub.
2024-cü ilin yanvar-oktyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “Silk Vey Vest Aviaşirkəti” MMC, “ASG Business Aviation” MMC, “Baku Steel Company” QSC, Süleymanova Göhər Süleyman qızı, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Tabaterra" QSC, "P-aqro" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma zavodu” ASC, “Azəripək” MMC.