Close

17:10
30 Noyabr 2024

Dollar və avro kəskin bahalaşdı – Bundan sonra nələr gözlənilir?

Rus rublu kəskin ucuzlaşıb. Rusiya Bankı ABŞ dollarının və avronun rəsmi məzənnələrini qaldırıb. Hazırda 1 ABŞ dolları 105, 1 avro 110 rubl civarındadır.

Rus rublunun çökməsinin əsas səbəbi nələrdir? Rusiya iqtisadiyyatını nələr gözləyir?

“İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli TNS-ə bildirib ki, 3 ilə yaxındır, Ukrayna ilə müharibəni davam etdirən Rusiya 15-ə yaxın iqtisadi embarqo və sanksiya ilə üzləşib.

O qeyd edib ki, bu proses Rusiya iqtisadiyyatına böyük həcmdə zərər vurur: "Rusiyanın ixrac-idxal əməliyyatları demək olar ki, iflic vəziyyətinə düşüb. Təbii resurslara söykənən Rusiya iqtisadiyyatı bu gün təbii qaz və qiymətli metallarını sata bilmir. İkinci, üçüncü dövlətlər vasitəsilə sata bildiyi məhsullarda isə külli miqdarda vəsait itirir. Rusiya büdcəsinə xarici valyuta əvvəlki qədər daxil olmur. Son zamanlar müharibənin şiddətlənməsi Rusiyanın siyasi və iqtisadi vəziyyətinə çox böyük təsir göstərir. Bu da sözsüz ki, Rusiya iqtisadiyyatına investisiyaların cəlb olunmasını məhdudlaşdırır”.

Eyyub Kərimlinin dediklərinə görə, proses xarici ticarət əlaqələrinin demək olar ki, 20- 30 faiz azalması ilə də nəticələnir: “Rublun çökməsi ölkə büdcəsinə xarici valyutanın daxil olmasına, eyni zamanda rublun dəyərdən düşməsinə bilavasitə təsir göstərir. Müharibənin davam etməsinin Rusiya iqtisadiyyatına mənfi təsirləri davam edəcək. Rusiya iqtisadiyyatı həm də texnoloji cəhətdən geri qalır. Qeyd edək ki, Rusiyanın 300 milyard dollara yaxın vəsaiti də xarici banklarda dondurulub. Bütün bunlar iqtisadiyyatın çökməsinə öz təsirini göstərir”.

Ayşən Azadova