Close

09:48
21 Noyabr 2024
23:22
20 Noyabr 2024

“Bu verginin tətbiqi vətəndaşlarımıza qazanc gətirəcək”

Məlum olduğu kimi, artıq ölkəmizdə "Google verigisi" sistemi işə düşüb. “Apple” xidmətlərini alanda vergini vətəndaş deyil, şirkət özü ödəyəcək.

“Apple Distribution International Limited” şirkətinin Azərbaycanda ƏDV məqsədləri üçün qeydiyyatı bu il dekabrın 1-dən qüvvəyə minir. Vergi Məcəlləsinə əsasən, bu tarixdən başlayaraq, xidmətlərin alınması üçün “Apple Distribution International Limited” şirkətinə ödənişi aparan banklar tərəfindən alıcının (vətəndaşların) vəsaiti hesabına ƏDV məbləği hesablanmayacaq.

Mövzu ilə bağlı TNS-ə danışan informasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, dünya təcrübəsində bu məsələlər artıq çoxdan oturuşub: “Başqa ölkələrin ərazisində xidmət göstərən xarici şirkətlər mövcud sistem vasitəsilə vergiyə cəlb olunur. Əgər qeydiyyatdan keçmirsə, o zaman həmin ölkələrdə vergi vətəndaşın üzərinə düşürdü. Məsələn, bizim ölkəmizdə bu vaxta qədər “Apple” xidmətlərindən ödənişli xidmət zamanı olan vergi bizim vətəndaşın üzərinə qoyulurdu. Vətəndaş 5 manata hansısa xidmət alırdısa, onun vergisini də əlavə olaraq ödəmək məcburiyyətində qalırdı. Amma indi artıq birbaşa xidmətin sadəcə öz qiyməti ödəniləcək. Vergilərini isə şirkət özü ödəyəcək”.

Yeniliyin təqdirəlayiq olduğunu deyən mütəxəssis bildirib ki, bunun nəticəsində həm Azərbaycan vətəndaşlarının qazancı cibində qalacaq, həm də şirkətin vergiyə cəlb olunması ilə dövlət qazanmış olacaq: “Sistemin hazırlanması və istifadəyə verilməsi bir az gecikib. Gərək, bir neçə il əvvəldən istifadəyə verilərdi ki, şirkətlər zamanında qeydiyyatdan keçərdi. Bu vergidən yayınmaq üçün bir neçə üsul var idi. Bəziləri ödəmələr üçün xarici ölkələrin bank kartlarından, yaxud “kripto cüzdan”lardan istifadə edirdilər. Amma indiki halda, sadəcə xidmətin real dəyəri ödənmiş olacaq”.

Qeyd edək ki, qonşu ölkələrdə “Google vergisi” adlanan bu sistem xeyli əvvəldən aktivdir. Bu ölkələr qlobal şirkətlərdən milyonlarla vergi toplayır.

Aygün