Close

"Bu qış Avropa üçün asan olmayacaq"

Rusiya neftini daşıyan tankerlərin La-Manş boğazına girişinin qadağan olunması təklif edilir. Avropa Parlamenti yalnız Avropada deyil, bütün dünyada Rusiyanın enerji məhsullarına qarşı təzyiqin artırılmasını istəyir.

Bu çağırış Avropa və Rusiya arasında gərginliyi artıra bilərmi? Təklifin qəbul olunması ilə Rusiya iqtisadiyyatı nə qədər zərər görə bilər?

İqtisadçı Samir Heydərov TNS-ə açıqlamasında bildirib ki, Almaniya Rusiyanın maye qazının ölkə limanlarına buraxılmaması ilə bağlı qərar verib.

O qeyd edib ki, Avropada bu qərarla bağlı iki yanaşma var: “2022-ci ildən başlayaraq, Avropa İttifaqının Rusiya qazından imtinası ilə bağlı sanksiya paketi mövcuddur. Bildiyimiz kimi, Macarıstanın dəniz və okeanlara çıxışı olmadığından 80-85 faiz Rusiya qazından asılılığı var.

Baş nazir Viktor Orban Avropa İttifaqının ötən həftə keçirilən qeyri-rəsmi samitində əldə edilən razılığa əsasən, sanksiyaları yenidən nəzərdən keçirməyin vacibliyini qeyd edib. Eyni zamanda, Avropada enerji qiymətlərinin artmasının iqtisadi böhrana səbəb olacağını bildirib.

Təbii qazın 1000 m3-nin qiymətinin 500 dolları keçməsi Avropa üçün bu qışın asan olmayacağından xəbər verir".

Samir Heydərov bildirib ki, Rusiya neftinə və neft məhsullarına qoyulan ixrac qadağası ilə əlaqədar ölkədə bir neçə neft emalı zavodu fəaliyyətini dayandırıb: “Bunlar ağır neft emalı zavodlarıdır, əsasən, dizel istehsal edirdi. Avropada dizelin qiymətinin aşağı düşməsi və neftin bahalaşması ilə rentabellik azalıb, nəticədə bu zavodlar bağlanıb.

Ümumiyyətlə, Rusiyadakı 55 neft emalı zavodu sutkada 5.5 milyon barrel neft məhsulu istehsal edir. Bunun 2 milyonu ixrac olunur, qalan hissəsi daxili tələbata yönəldilir".

Ayşən Azadova