Bu məhsulların və xidmətlərin qiyməti artdı
Oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox nələrin bahalaşdıqğı açıqlanıb.
TNS Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, xamanın, qatığın, pendirin, kərə yağının, yumurtanın, üzümün, ağ kələmin, pomidorun, şirin bibərin, badımcanın, yerkökünün, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, marqarinin, qarğıdalı yağının, limonun, naringinin, almanın, heyvanın, narın, kivinin, xiyarın, göy lobyanın, balqabağın, şəkər tozunun qiymətlərində müşahidə olunub.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb. 2024-cü ilin oktyabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,5 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma xalçaların, inşaat materiallarının, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub.
Oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,6 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən bahalaşma əsasən, mənzillərin kirayə haqlarının, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.