Bunun üçün kərə yağı yeməliyik - Keyfiyyətsiz və bahalı məhsulların satışının qarşısı belə alınacaq
İndiyədək kərə yağının təmizini, keyfiyyətlisini tapa bilmirdiksə, artıq keyfiyyətindən narazı olduğumuz məhsullar da kifayət qədər bahalaşıb.
Əvvəl marketlərdə kiloqramı 15-16 manata satılan kərə yağlarının qiyməti hazırda 20 manatdan yuxarıdır. Üstəlik çeşid də azdır. Dünyada kərə yağının qiymətinin artdığını nəzərə alsaq, prosesin davam edəcəyi qaçılmazdır.
Kərə yağı getdi, yerinə qida əlavələri gəldi
Bəzi həkimlər kərə yağının ziyanlı olduğunu iddia etsə də, aparılan araşdırmalara əsaslanan həkimlər bu qidanın insan orqanizmi üçün çox əvəzedilməz olduğunu vurğulayır.
Bir neçə misal da çəkmək olar. Həkim Füzuli Hüseynov, Türkiyənin tanınmış kardioloqlarından professor Canan Karatay və digərləri kərə yağının insan orqanizmi üçün hər zaman lazım olan əsas qida vasitələri arasında ilk yerlərdə dayandığını deyirlər.
Füzuli həkimin sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, daim kərə yağı yeyən insanların oynaqlarında duzlaşma problemi azalır. Qeyd edək ki, hazırda bu problemdən kifayət qədər çox insan əziyyət çəkir. Təbii kərə yağı arterial və venoz damarların kirəcləşməsinin qarşısı alır. Tərkibində A, E, K və D vitaminləri olan kərə yağındakı xolesterin təlabatımız olan xolesterindir. Bu maddənin azlığı sonsuzluğa da təsir edir. Kərə yağı yeməklə mikrob və bakteriaylardan qorunur və immun sistemini gücləndirmiş oluruq. Bu qidadan istifadə etməmək günəşdən aldığımız D vitamininin də sorulmaması ilə nəticələnir. Kərə yağı mədə-bağırsağın selikli qişasının yükünü azaldır, bu orqanları qüvvətləndirir. Sinir hüceyrlərimizi qoruyur, bərpa edir. Stress, qorxu əleyinə müqaviməti artırır. Daxili hormonların işini nizamlayır. Xoşbəxtlik hormonlarının yaranmasına müsbət təsir edir ki, bu da bizi gülərüz saxlayır və depressiyalardan qoruyur. Kərə yağı orqanizmimizdə təbii ağrıkəsici effekti yaradır və s.
Bu vacib qidanı yeyə bilmiriksə, yerinə 10-15 cür qida əlavəsi qəbul etmək məcburiyyətində qalırıq. Halbuki tək bir sağlam qida ilə bu qədər dərmana ehtiyac qalmaz.
Ortaya sual çıxır ki, bu qədər vacib bir qidanı yerli istehsal hesabına təmin edə bilmərikmi? Dədə-babadan heyvandarlığın inkişaf etdiyi ölkəmizdə nə üçün xaricdən gələn bahalı və üstəlik keyfiyyətsiz kərə yağından asılı qalırıq?
İqtisadçı Akif Nəsirli TNS-ə deyib ki, Azərbaycan yerli istehsal hesabına özünü təmin edə bilər, amma bunun şərtləri var: “Sovet hökuməti dövründə müəyyən qədər yağ qıtlığı olsa da, ölkə əhalisinin əksəriyyəti yerli istehsal hesabına öz təlabatını ödəyirdi. Yerli istehsalı artırmaq üçün ilk növbədə heyvandarlıq inkişaf etdirilməlidir. Bunun üçün münbit şərait yaradılmalıdır ki, həm ət, həm də yağ bollaşsın. Bir vaxtlar Avropa İttifaqında süd verən hər inəyin saxlanması üçün fermerə ayda 90-100 avro ödənilirdi. Bu təcrübədən istifadə etmək lazımdır”.
A.Nəsirli bildirib ki, digər vacib məsələ heyvanların qeydiyyata alınmasıdır: “Heyvanlar kütləvi şəkildə reysterden keçirilməli və bu, ənənə halını almalıdır. Hər bir fermerin təsərrüfatında və ya fərdi təsərrüfatda doğulan heyvan dərhal qeydiyyatdan keçirilməli və ona vurulan vaksinlər, keçirdiyi xəstəliklər izlənilməlidir ki, hökumət heyvanın saxlanmasına subsidiya verə, şəraiti qiymətləndirə bilsin. Artıq torpaqlarımız işğaldan azad olunub. Azərbaycanda heyvandarlıq məhsullarının əksəriyyəti həmin rayonlarda istehsal edilirdi”.
İqtisadçı qeyd edib ki, ətin və kərə yağının qıtlığının yaranması prosesi 2015-ci ildən başlayıb və bugünkü həddə çatıb: “Pambığın strateji məhsul elan edilməsi ilə bağlı olan prosesdir. Heyvandarlığı pambıqçılığa qurban vermişik. Pambıqçılıq bizə ildə 150-200 milyon dollar vəsait gətirə bilir. Amma kənd təsərrüfatı mənşəli ərzaq məhsullarına ildə 4 milyard xərcləyirik. Bu tərəfdə 200-300 milyon, lap yarım milyard olsa da, 4 dəfə azdır. Pambıq son 9 ildə ölkəyə 250 milyondan artıq valyuta gətirməyib. Son 9 ildə isə kərə yağı ilə ətin qiyməti kifayət qədər artıb. Bunun səbəbi olan qıtlığı aradan qaldırmaq lazımdır. Dediyim kimi, heyvandarlıqla məşğul olmaları üçün fermerləri təşviq etmək lazımdır.
Hazırda ətin və yağın baha olmasına baxmayaraq, heyvandarlıqla məşğul olan insanlar gəlirlərindən narazıdır. Çünki qazanc əldə edə bilmirlər. Fermerlərdən məhsulu alıb, Bakıda satanlar qazanır. Mənfəət onlara qalır. İşbazlar fermerin qazancını mənimsəyir. Ona görə, bazar məsələsinə də diqqət vacibdir. Bu, daha çox ətə aiddir. Fərdi yağ hazırlayanlar yalnız öz ehtiyacları üçün edirlər. Nadir hallarda bir fermer 20-30 inək saxlayıb ondan kərə yağı, pendir düzəldir və satır. Çünki onlar öz mallarını bazara çıxara bilmirlər. Əsas bazar Bakı şəhərindədir. Gətirib marketdə təmiz kərə yağını 15 manata satmaq mümkün deyil. Marketlər götürüb satmır. Özləri harada satsınlar? Satışını təşkil etsələr, bəlkə də yerlərdə kustar üsulla hazırlanan kərə yağı bazara gəlib çıxa bilər. Kustar üsulla yağ hazırlayanların sayı azdır. Bu da hökumət üçün o qədər əhəmiyyət kəsb etmir”.
İqtisadçı Natiq Cəfərli isə açıqlamasında bildirib ki, Azərbaycanda kərə yağının qiymətinin bu qədər artması idxaldan çox ciddi şəkildə asılı olmağımızdan qaynaqlanır: “Bazarda yerli brendlər var, amma onlar da yerli məhsul istehsal etmirlər. Xaricdən aldıqları kərə yağını qablaşdıraraq, bazara çıxarmaqla məşğuldurlar. Kərə yağı istehsalı süd istehsalından asılıdır. Bizdə iribuynuzlu mal-qaranın sayı son bir ildə 160 min azalıb. Nəticə etibarilə süd istehsalı da azalır. Süd azaldıqca yağın da istehsalında problemlər olur. Yerli istehsalın artması, qiymətlərin azalması üçün ilk növbədə maldarlıq inkişaf etməlidir. Fermerlərə dəstək artırılmalıdır. Nəticədə süd və yağ istehsalı artacaq”.
Aygün