Close

21:00
14 Noyabr 2024

Seldən zərər görən hansı fermerlərə kompensasiya ödənilir?

Ötən ay ölkə ərazisinə normadan artıq düşən yağıntı bir sıra fəsadlara səbəb olub. Güclü yağış kənd təsərrüfatına da təsirsiz ötüşməyib. Müxtəlif bölgələrdə kənd təsərrüfatı sahələrini su basıb.

Həmin ərazilərdə hazırda vəziyyət necədir?

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov TNS-in bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, kənd təsərrüfatı sahəsini sığortalamış fermerlər zərər dəydiyi təqdirdə Aqrar Sığorta Fonduna müraciət edir, zərər dəyərləndirməsi üçün əraziyə ekspertlər ezam olunur.

Şöbə müdiri qeyd edib ki, ekspertiza zamanı dəyən zərərin miqdarı fermerlə Fond arasında imzalanmış müqavilənin şərtlərinə uyğun ödənilir: “Yağıntıların kənd təsərrüfatına ümumi vurduğu zərərə gəldikdə, yağışların yağması fəsil üçün xarakterikdir. Təbii ki, yağıntılar payız mövsümü üçün xarakterik təbiət hadisəsidir, sadəcə yağıntıların normadan çox olması kənd təsərrüfatında bəzi prosesləri sürətləndirdiyi kimi, bəzi sahələrə də qismən də olsa, mənfi təsirini göstərir. Son zamanlar respublika ərazisinə düşən atmosfer yağıntılarının normadan çox olması kənd təsərrüfatına əsasən iki istiqamətdə təsir göstərib. Hazırda pambıq yığımının aktiv dövrüdür, pambıq becərilən rayonlara az miqdarda olsa belə, yağıntıların düşməsi məhsul yığımını ləngidir. Sahələrdə nəmlik səviyyəsinin yüksək olması məhsulun texnika vasitəsilə tam və itkisiz yığılmasına imkan vermir, eyni zamanda davamlı yağıntılar məhsulun keyfiyyətinə də mənfi təsir göstərir. Hazırda bölgələrdə pambıq yığımı davam edir, sahələrdə məhsul boldur, yığımın optimal müddətdə başa çatacağını gözləyirik.

Digər tərəfdən yağıntıların taxılçılığa müsbət təsiri var. Hazırda payızlıq əkinlər davam edir. Taxıl əkinlərinin xeyli hissəsi dəmyə ərazilərdə aparılır, dəmyə əkilən taxılın becərilməsi əhəmiyyətli dərəcədə atmosfer yağıntılarından asılıdır. Bu, səpin prosesini sürətləndirir, çünki fermerlər dəmyə ərazilərdə məhz yağıntılardan sonra torpağın alt qatında su ehtiyatı toplandıqdan sonra səpinə başlayırlar”.

Ayşən Azadova