Bölgələrimiz COP29-la bağlı ölkəmizə gələcək qonaqları qəbul etməyə hazırdır?
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri sürətlə davam etdirilir.
COP29 günlərində Bakıya gələn xarici qonaqlar bölgələrimizə də səfər edəcək. Qonaqların bölgələrə səfəri Azərbaycan turizminə necə təkan verəcək? Regionlar çox sayda qonağı qəbul etməyə hazırdırmı?
Mövzu ilə bağlı TNS-ə açıqlama verən Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva bildirib ki, COP29 müddətində gələcək qonaqların tədbirin rəsmi hissəsində iştirakdan sonra başqa bölgələrə də səfərləri gözlənilir.
“Dövlət Turizm Agentliyi tərəfindən 25 tur proqram hazırlanaraq təqdim olunub. COP29 bölgələrimizin turizm imkanlarının tanıdılmasına öz töhfəsini verəcək”,-deyə Gülnar Mustafayeva bildirib.
Qeyd edək ki, COP29 zamanı ölkəmizə təxminən 80 min nəfər qonağın gələcəyi gözlənilir.
Ayşən Azadova