Bu yolla əlavə qazanc əldə etmək mümkündür – Adambaşına 5-10 min dollar...
Azərbaycan sağlamlıq turizmi ilə bağlı zəngin potensiala malik olsa da, ölkəyə müalicə üçün gələnlərin sayı çox deyil.
Ümumiyyətlə, dünya miqyasında sağlamlıq turizminə tələbat artır. Bunun əsas səbəbləri insanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması, sağlamlıq turizminin müalicə ilə yanaşı, fiziki və əqli yorğunluğun bərpası, xüsusi qulluq və gözəllik yönümlü digər xidmətlər də təklif etməsidir. Qlobal miqyasda sağlamlıq xidmətlərinin turizm sənayesində birbaşa payı 10 faizdən çoxdur.
Bu turizm növü bütün tibbi xidmətləri əhatə edir. Ən çox istifadə edilən xidmətlər arasında diş, dəri, gözəllik, cərrahiyyə və sonsuzluğun müalicəsini vurğulamaq olar.
Eyni zamanda, termal sağlamlıq, yaşlı turzimi, fiziki məhdudiyyəti olan insanlar üçün olan turizm sahələrinin adını qeyd edə bilərik ki, insanlar bu xidmətlərə daha çox üz tutur.
Qeyd edək ki, ölkəmizə gələn turistlərin ümumi sayının 2 faizdən az hissəsi müalicə üçün Azərbaycana gəlir, bu da digər ölkələrin göstəricilərindən xeyli aşağıdır.
Bəs ölkədə sağlamlıq turziminin inkşafı üçün nələr edilməlidir?
Bu barədə TNS-ə danışan turizm üzrə mütəxəssis Ceyhun Aşurov bildirib ki, sağlamlıq turizmi iki qola ayrılır. Birincisi tibbi, digəri isə sağlamlaşdırıcı turizmdir: “Azərbaycanda ikinci qol - sağlamlaşdırıcı turizm daha çox inkişaf edib. Sağlamlaşdırıcı turizmlə bağlı ölkəmizdə unikal məhsullar var. Naftalan nefti, Duzdağ, Qalaaltı, İstisu kimi məkanların adını çəkə bilərik. Eyni zamanda, daha çox araşdırılmasına ehtiyac olan 350-yə yaxın palçıq vulkanları var. Bu metodla müalicə dünyada fərqli ölkələrdə mövcuddur. Bu sahəni daha da inkişaf etdirib əlavə qazanc və daha çox turist cəlb edə bilərik”.
C. Aşurovun sözlərinə görə, ənənəvi turizmdən fərqli olaraq sağlamlıq turizmində mövsümilik daha az, qalma müddəti çoxdur: “Sağlamlıq turizmi ölkəyə valyuta gətirmə baxımından daha faydalıdır. Ənənəvi turizmdə gəlir orta hesabla adambaşına 1000–1500 dollar ətrafındadırsa, sağlamlıq turizmi üçün gələnlərin xərcləri bundan 5-6 dəfə çoxdur. Yəni, 5000–10000 dollara qədər yüksələ bilir. Biz sağlamlıq turizmi məhsullarımızı daha geniş, böyük coğrafiyalara çatdırmaq üçün təsisat və standartlarımızı daha da inkişaf etdirməliyik. Unikal məhsullarımızı sertifikatlaşdırmalıyıq ki, gələn turistdə hər hansı bir məsələ ilə bağlı sual yaranmasın. Bu məhsullar tanınmış institutların sertifikasiyasından keçmiş olarsa, bu məqsədlə gələn turistlərin sayının artırılmasına nail ola bilərik”.
Aygün