Close

14:10
30 Oktyabr 2024
13:07
30 Oktyabr 2024

Bu il işıq və qaza qoyulan limit ləğv olunacaq? - AÇIQLAMA

Artıq havalar soyumağa başlayıb. Hər il olduğu kimi, bu il də havaların soyuması ilə elektrik enerjisi və təbii qazın qiymətində tətbiq olunan limit məsələsi gündəmə gəlib. İşıq və qaz limitlərinin ləğvi mümkündürmü?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Ruslan Atakişiyev bildirib ki, hər ilin sonuna yaxın, havalar soyuyan zaman işıq və qaz limiti mövzusu ilə bağlı müzakirələr olur.

O deyib ki, ilin əvvəlində limit təzə başladığı üçün bu məsələ diqqət çəkmir: “Amma ilin sonuna yaxın verilən güzəştli limit bitir.

Hesab edirəm ki, enerji ölkəsi olan Azərbaycanda ümumiyyətlə, qaz və elektrik enerjisinə limit qoyulması yanlışdır. Limitin birdəfəlik ləğv olunub-olunmayacağını demək mümkün deyil. Çünki limitin ləğvi ilə bağlı rəsmi qurumların heç bir açıqlamasına rast gəlməmişik”.

Qeyd edək ki, 2021-ci ilin noyabrın 1-dən illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanır. Əvvəl bu, 10 qəpik idi.

Tarif Şurasının açıqladığı qərara əsasən, əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrin 1 kub metri üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyir.

Elektrik enerjisinə gəlincə, 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts - 300 kVts arası 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşib.

Ayşən Azadova