Close

Fermerlərə ödənilən kompensasiya ilə zərərləri qarşılamaq mümkündür?

Aqrar Sığorta Fondu bitkiçilik və heyvandarlıq sığortası üzrə fermerlərə indiyə qədər ümumilikdə 10 milyon manatdan çox ödəniş edib. Davam edən araşdırmalar və zərərin dəyərləndirilməsi nəticələrinə görə 2024-cü ilin sonuna bu rəqəmin daha da artacağı gözlənilir.

Aqrar sığorta ödənişlərinin 77%-dən çoxu bitkiçilik üzrə baş vermiş hadisələrə görə həyata keçirilib. İndiyə qədər əkinlərə dəyən zərərə üçün fond tərəfindən fermerlərə 7 milyon 784 min manat ödəniş olunub.

Aqrar Sığorta Fondunun açıqladığı məlumata əsasən, 2023-cü ildə aqrar sığorta hadisələri üzrə müraciətlər 30 rayondan qeydə alınmışdısa, cari ildə respublikamızın 50 rayonundan müraciətlər daxil olub. Cari ildə qeyri-sabit hava şərtlərinin əkinlərə vurduğu zərərə görə, fonda 1700-dən artıq müraciət daxil olub. Müraciət sayı 2023-cü illə müqayisədə 42% artıb. Bu müraciətlər fondun sığorta etdiyi 400 min hektardan artıq əkin sahəsinin 140 min hektarını əhatə edir.

Bəs, ödənilən məbləğ fermerlərin uğradığı zərəri nə qədər kompensasiya edə bilir?

İqtisadçı Akif Nəsirli TNS-ə açıqlamasında bildirib ki, bu il də ötənilki, ondan əvvəlki illərdə olduğu kimi təsərrüfatlara az zərər vuran bir il olsaydı, qeyd olunan məbləğ adekvat sayıla bilərdi: “Builki hava şəraiti kənd təsərrüfatının bütün sahələrində fermerləri az qala çökdürmək səviyyəsinə gətirib çıxarıb. Məhsul istehsalı heç bir fermerin xərclərini ödəmir. Nəinki meyvə-tərəvəz, bostan bitkiləri, hətta texniki bitkilərin istehsalında da məhsuldarlıq kəskin şəkildə aşağı düşüb. Pambıq istehsalında ötən illə müqayisədə 30-40 faiz azalma var. Bu baxımdan, kənd təsərrüfatına dəyən ziyanı ödəmək üçün 10 milyon manat çox kiçik məbləğdir”.

İqtisadçı bildirib ki, fermerlərin böyük əksəriyyəti öz təsərrüfatlarını sığorta etdirməyib.

Onun sözlərinə görə, fermerlər təsərrüfatlarını sığorta etdirmədiyi üçün hökumət tərəfindən dəyən ziyanın qarşılanma mexanizmi əldə edilmir: “Sahibkar təsərrüfatını sığortalamalıdır ki, itkilərin qarşılanması üçün sığotra haqqı verilsin. Sığorta etdirilmədən verilən məbləğ hökumətin hansısa lütfü ilə ola bilər ki, bu da yoxdur”.

Aygün