Close

Bərpa olunan enerji xaricə ixracatın həcmini artıracaq

Azərbaycanın iqtisadi əlaqələri genişlənməkdədir. Bu əlaqələrin dayanıqlılığını təmin etmək üçün hansı amillər vacibdir? Yaşıl enerjinin tətbiqinin bu məsələdə rolu nədir?

Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı ekspert Murad Cəlalov TNS-ə bildirib ki, artıq yaşıl enerji öz inkişaf dövrünü yaşayır: “Azərbaycan iqtisadiyyatını dayanıqlı edən bərpa olunmaz enerji, neft və qaz sahələridir. Azərbaycan artıq ətraf mühitin çirklənməsini, bərpa olunmaz enerjidən asılılığı aradan qaldırmaq üçün dünyanın inkişaf etmiş ölkələrinin maraq dairəsində olan yaşıl enerjiyə keçid edib.

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Bakının Qaradağ rayonunda da günəş panellərinin böyük sahəsi var. Azərbaycanda əvvələr külək və günəş enerji panelləri Bakı ətrafında yerləşdirilirdi, amma artıq işğaldan azad olunmuş ərazilərə də yerləşdirilməyə başlanılıb.

Hazırda neftdən gələn gəlirin əsas hissəsi bərpa olunan enerjiyə yatırılır. Bərpa olunan enerji həm ölkə daxili təlabatı ödəyəcək, həm də xaricə ixracı artıracaq.

Azərbaycan Qafqaz dağları arasında yerləşdiyindən günəş və külək panellərinin tikilməsi üçün əlverişli mövqeyə sahibdir.

Sözügedən sahənin inkişafı üçün əlverişli zonalar var, yeni külək və günəş panellərinin tikintisi üçün lahiyələr həyata keçirilir. Bu da iqtisadiyyatın dayanıqlılığının əsas göstəricilərindən biridir.

2024-cü ilin yanvar ayının statistikasına nəzər yetirsək görərik ki, ümumi daxili məhsul 9 131 000 manat təşkil edir. Qeyri neft-qaz sektorunda 2-14 % artım olub, amma neft-qaz sahəsində 2.6 % azalma qeydə alınıb”.

Ayşən Azadova