Yaxın Şərqdəki eskalasiyanın qlobal iqtisadiyyata təsiri
Yaxın Şərqdə eskalasiya region və qlobal iqtisadiyyatlar üçün ciddi nəticələrə səbəb ola bilər.
TNS xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi nümayəndəsi Culi Kozak bildirib.
Onun sözlərinə görə, təşkilat böyük narahatlıqla Yaxın Şərq münaqişəsinin kəskinləşməsini diqqətlə izləyir.
“Münaqişənin daha da gərginləşməsi potensialı təhdidləri və qeyri-müəyyənliyi artırır, həm də region və onun hüdudlarından kənarda əhəmiyyətli iqtisadi nəticələrə səbəb ola bilər", - Kozak deyib.
O əlavə edib ki, BVF təkcə Yaxın Şərqdə deyil, başqa yerlərdə də mövcud münaqişələrə son qoymağa çağırır.
Qeyd edək ki, oktyabrın 3-də Yaxın Şərqdəki münaqişə səbəbindən neftin qiymətinin artması fonunda dünya birjaları eniş yaşayıb.
Avropa və Asiya fond indeksləri cümə axşamı ümumi eniş göstərib. Avrozona indeksi 0,5%, MSCI qlobal indeksi isə 0,2% ucuzlaşıb. Yaponiya xaricində Asiya-Sakit okean səhmləri 1% itirib.
Brent və WTI markalı neft fyuçersləri 1 dollardan çox bahalaşaraq müvafiq olaraq 75,27 və 71,52 dollara çatıb. Neft qiymətlərinin artması münaqişənin əsas ixrac regionundan neft tədarükünü poza biləcəyi ilə bağlı narahatlıqlar fonunda baş verir.