Close

22:00
18 Sentyabr 2024

Nağd ödənişlər məhdudlaşdırıla bilər - Plastik kartlardan istifadə…

Türkiyədə nağd yolla ödənişlərin minimuma endirilməsinə dair qanun layihəsi hazırlanır. Layihədə mal və xidmətlərə görə nağd ödənişlərə 7 min türk lirəsi (hazırkı məzənnə ilə 205 dollar) səviyyəsində limit tətbiqi təklif olunur. Layihə qəbul olunacağı təqdirdə hüquqi və fiziki şəxslər bu həddi aşan məbləğlərin ödənməsini bank köçürməsi yolu ilə həyata keçirməlidirlər. Tələbə əməl etməyənlər üçün cərimələr də nəzərdə tutulur. Cərimələr 5 min lirədən (təxminən 150 dollar) başlayır.

Ölkəmizdə nağd ödəmələrlə bağlı bu cür məhdudiyyətlərin tətbiqi mümkündürmü?

İqtisadçı-alim, deputat Vüqar Bayramov TNS-in bu barədə sualına cavabında bildirib ki, Azərbaycanda nağd ödənişlərə limitin tətbiq edilməsi qanunvericiliyin tələblərindən biridir: “Bir sıra sektorlarda biz nağd ödənişlərin limitləşdirilməsini müşahidə edirik. Türkiyədə də praktik olaraq təklif edilən dəyişklik nağd ödənişlərin limitləşdirilməsi ilə bağlıdır. Bu, bir tərəfdən nağdsız ödənişlərin payının artırılması, digər tərəfdən isə bütövlükdə iqtisadiyyatdakı şəffaflığın gücləndirilməsi məqsədini daşıyır. Ölkəmizdə də dünya praktikasına uyğun olaraq, bir sıra sektorlarda artıq yalnız nağdsız ödənişlər həyata keçirilir. Məsələn, avtomobillərin alqı-satqısında, bəzi sektorlarda xidmətlər üzrə nağd ödənişlərdə limitlər var”.

İqtisadçı vurğulayıb ki, bu ildən limitlərin bir qismi artırılıb: “Düşünürəm ki, Türkiyədə tətbiq edilən praktika fonunda həm sektorların sayının genişləndirilməsi, həm də limitlərin məbləğinə baxılması mümkün ola bilər. Çünki bizim üçün də plastik kartlardan daha çox istifadə edilməsi vacibdir, prioritetdir. Bunun üçün “ƏDV geri al” təşviq aləti olmaqla yanaşı, digər inzibati alətlərdən də istifadə edilməsi məqsədəuyğun olar. Sözsüz ki, nağd ödənişlərin limitləşdirilməsi məhz nağdsız ödənişlərin payının artırılması baxımından vacib alətlərdən biri kimi təqdim edilir”.

Aygün