Close

21:58
17 Sentyabr 2024

Çörəyin qiyməti bahalaşacaq?

Son günlər ölkədə çörəyin qiymətinin artacağı ilə bağlı fikirlər səsləndirilir. Buna səbəb kimi ölkədə yanacağın qiymətinin artması, eləcə də sahənin Qazaxıstan və Rusiyadan idxal olunan buğda ilə bağlılığı göstərilir.

Xatırladaq ki, Azərbaycanda iki aydır dizel yanacağının qiyməti 25 faiz artıb. Azərbaycanın əsas buğda aldığı ölkələrdən olan Qazaxıstan və Rusiyada daşqınların olması, məhsuldarlığa ciddi təsir göstərib. Bu problemlər dünya bazarında taxılın qiymətinin bahalaşması ehtimalını artırır.

Ekspertlər isə hesab edir ki, çörəyin qiymətinin artması üçün səbəb yoxdur.

Mövzu ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, hazırda dünya bazarında ərzaq buğdasının qiyməti ucuzlaşır: “Məlumdur ki, Azərbaycan ərzaq buğdasına görə idxaldan asılıdır. Bu asılılıq hardasa 50 faizə qədərdir. Ölkə daxilində də ərzaqlıq buğdanın qiyməti sabitdir. Ona görə də çörəyin bahalaşma ehtimalı yoxdur”.

İqtisadçı bildirib ki, əgər çörəyin qiymətini çörək istehsalı ilə məşğul olan inhisarçılar sindikat razılaşma ilə artıracaqlarsa, bu, artıq inhisarçı mövqeyindən sui-istifadə halı hesab oluna bilər.

Aygün