Close

21:58
17 Sentyabr 2024

Ən şirin yarmarka - 105 ton bal, 12,258 ton arı şanı…

Bu gün Bakıda arıçılıq məhsullarının satış - sərgi yarmarkası açılıb. Yarmarka üç həftə (9-29 sentyabr) davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov TNS-ə açıqlamasında bildirib ki, yarmarkaya Azərbaycanın bütün iqtisadi zonalarını təmsil edən, 39 rayondan olan arıçılar öz məhsullarını satışa çıxarıblar: “Bu il yarmarkaya 105 ton bal, 12,258 ton arı şanı gətirilib. Bundan başqa, yarmarkada 20-yə yaxın çeşiddə arıçılıq məhsulları (çiçək tozu, vərəmum, propolis çövhəri, arı südü və s.) satılır”.

Onun sözlərinə görə, yarmarkada iştirak üçün elektron portal üzərindən edilən müraciət əsasında qeydiyyat aparılıb. Hazırda yarmarkada 275 arıçı iştirak edir: “Yarmarkaya çıxarılmış məhsullardan nümunələr götürülərək, AQTA-nın laboratoriyasına analizə verilib. Yarmarkaya yalnız analiz nəticələri yüksək olan məhsulların çıxarılmasına icazə verilib. Keyfiyyətsiz məhsullar qablaşdırılaraq, anbarlara yığılıb, onların yarmarkada satşına qadağa qoyulub. Bu il Azərbaycanın 23 bölgəsində fəaliyyət göstərən arıçı fermerlərə öz təsərrüfatlarını işğaldan azad olunmuş rayonların yaylaqlarına aparmaq icazəsi verilib. Mövsüm ərzində 4200-dən artıq arıçılıq təsərrüfatının Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının yaylaqlarına köçü təmin ediib. Ümumilikdə azad olunmuş ərazilərin yaylaqlarına 195 mindən artıq arı ailəsi aparılıb. Bu arı ailələrinin böyük əksəriyyəti, 130 mindən çoxu Kəlbəcər yaylaqlarına aparılıb. Mövsümü azad olunmuş ərazilərdəki yaylaqlarda keçirən təsərrüfatların bir hissəsi də yarmarkaya məhsul çıxarıblar”.

TNS-in əməkdaşı yarmarkada olub, satıcılarla söhbətləşib.

Əvvəlki illərdən fərqli olaraq, bu il yarmarkada azad edilmiş ərazilərdən daha çox arıçı iştirak edir.

84 yaşlı Babaş Qəribov balı Kəlbəcərdən gətirdiyini deyib. 17 yaşından arıçılıqlıqla məşğul olan Babaş kişi əslən Ağdərə rayonundandır. Torpaqlarımız işğal olunana qədər Babaş kişi Ağdərədə arı saxlayıb. Sonradan isə Şamaxıya köçüb. Deyir ki, torpaqlarımız işğal altında olan dövrlərdə Azərbaycanın bütün rayonlarında arı təsərrüfatı ilə məşğul olub. Amma heç bir rayonda Qarabağ zonasındakı kimi məhsul götürməyib: "Keçən il və bu il arını Kəlbəcərdə saxlamışam. Bu iki ildə əldə etdiyim balın keyfiyyətini 30 il ala bilməmişdim. Kəlbəcər və Ağdərə balı kimi keyfiyyətli bal yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, bizə yenidən bu xoşbəxtliyi yaşatdılar. Bu il bir arı ailəsindən 25 kiloqram bal götürmüşəm".

bal1

Hər il Füzuli rayonundan yarmarkaya bal gətirən Elmar Musayev isə bu il arılarını Hadrutda saxlayıb. Deyir ki, ölkənin bir çox yerlərində arı yetişdirib: "30 ildən artıqdır, arıçılıqla məşğulam. Demək olar, əksər ərazilərdə arı saxlamışam. Hər il Füzuli rayonunu təmsil etmişəm. Bu il də Füzuli rayonunu təmsil edirəm. Amma bu il balı Hadrutdan gətirirəm. Məhsuldarlıq müxtəlif olub. Hər rayonda çox da olub, az da. O baxır, arı üçün məhsuldar il olmağına. Amma keyfiyyətə gəlincə, Hadrutdan əldə etdiyim bal digər rayonlardakı məhsuldan çox fərqlidir. Keyfiyyət ikiqat artıqdır.

bal2

Nə qədər ki, torpaqlarımız işğal altında idi, arını əsasən, Füzuli rayonunda saxlayırdım. Amma Balakən, Zaqatala, Qax və digər rayonlara mövsümə uyğun gedirdim. Bu il Hadruta köçdüm. Hadrut balının keyfiyyəti ilə o rayonlardakı keyfiyyət eyni deyil.

Bütün ərazilərimiz arıçılığa yararlıdır. Amma Qarabağda arıçılığa xas olan endemik bitkilər var. Ona görə də Qarabağın balı ilə digər rayonların balı arasında fərq çoxdur. Bu ərazidəki ballar daha keyfiyyətlidir".