Close

21:58
17 Sentyabr 2024

Niyə əvvəlki kimi kənd yarmarkaları təşkil olunmur? – “Biz satış, qiymət məsələlərinə qarışmırıq”

Bu il yay aylarında qiymətləri düşməyən kənd təsərrüfatı məhsulları sentyabr ayının gəlməsiylə birlikdə daha da bahalaşıb. Pomidor, xiyar, bibər və badımcan, lobya kimi gündəlik daha çox istifadə olunan, qışa hazırlıq məqsədilə konservləşdirilən bu məhsulların qiyməti 2-3 manatdan aşağı düşməyib. 1,5 manata və ya daha aşağı qiymətə satılan pomidor isə demək olar ki, istifadəyə yararsızdır. Kəsiləndə kartof kimi bərk, içi qırmızı yox, ağ rəngdə olur. Belə bir şəraitdə əhali mövsümündə də meyvə-tərəvəzdən, üstəlik keyfiyyətli məhsuldan yararlana bilmir.

Qeyd edək ki, mövzu ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı-alim Vüqar Bayramov kənd təsərrüfatı məhsullarının qiymətlərinin optimallaşdırılmasının vacib olduğunu bildirmişdi: “Xüsusilə, mövsümündə və ondan sonrakı dövrdə kənd təsərrüfatı məhsullarının qiymətinin əlçatanlığı üçün həm Kənd Təsərrüfatı Nazirliyi, həm yerli icra hakimiyyəti orqanları tərəfindən bir sıra addımların atılmasına ehtiyac var. Kənd yarmarkalarının, bazarlarının sayının artırılması çox vacibdir. Paytaxtda belə yarmarkaların sayı nə qədər çox olarsa, kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərə, optimallaşdıra, qiymət artımının qarşısını ala bilər. Bunun üçün də həmin yarmarkalara fermerlərin birbaşa çıxış imkanlarının təmin edilməsi və yalnız fermerlər üçün o imkanın yaradılmasına ehtiyac var. Elə olmalıdır ki, bölgələrdə kənd təsərrüfatı məhsullarını hər hansı baryer olmadan, yer haqqı ödəmədən paytaxt yarmarkalarına təklif edə bilsinlər. Məhsulların paytaxt bazarlarına çıxarılması üçün nəqliyyat xərcləri ilə bağlı dəstəyə də ehtiyac var və yerli icra hakimiyyəti orqanları tərəfindən belə bir dəstəyin göstərilməsi yaxşı olar”.

Kənd Təsərrüfatı Nazirliyindən TNS-ə bildirilib ki, qiymətləri bazar tənzimləyir: “Qiymətlər nazirlik tərəfindən deyil, bazar tərəfindən tənzimlənir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ancaq şənbə və bazar günləri “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur, o da fermerlər tərəfindən istək olarsa”.

Nazirlikdən verilən məlumatda o da qeyd olunub ki, sentyabr ayında “Kənddən Şəhərə” yarmarkaları təşkil olunmayacaq: “Bal yarmarkası” başladığı üçün növbəti “Kənddən Şəhərə” yarmarkası oktyabrda keçiriləcək”.

Görünür, Bakı şəhərində yarmarka keçirmək üçün Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanından (“Gənclik” metro stansiyasının yanı) başqa yer yoxdur. 

Xatırladaq ki, ötən ilə qədər Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən şəhərin müxtəlif yerlərində, bayram ərəfələrində, yeni dərs ili ərəfəsində və s. yarmarkalar təşkil olunurdu.

İcra hakimiyyəti tərəfindən kənd təsərrüfatı məhsullarının satışının mütamadi həyata keçirildiyi bu cür yarmarkalar təşkil oluna bilərmi?

Qurumdan TNS-ə bildirilib ki, bir müddət əvvəl bayram günlərində, xüsusi günlərin ərəfəsində şəhərin müxtəlif yerlərində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yarmarkalar təşkil olunurdu, amma artıq qurum bu məsələlərə qarışmır: “Yarmarkalar təşkil olunurdu. Sonradan mediada bununla bağlı müxtəlif söz-söhbət yayılmağa başladı. Bizə həddən artıq çox şikayət daxil oldu. Açıqlama da verdik ki, biz sadəcə yer ayırırıq. Satış, pul məsələlərinə qarışmırıq. Bu cür söz-söhbətə görə ötən ildən yarmarkaların təşkilini dayandırdıq. Artıq Bakı Şəhər İcra Hakimiyyəti bu cür məsələlərə qarışmır”.

Aygün