Quş əti bahalaşıb – Növbəti aylarda vəziyyət necə olacaq?
Son günlər quş ətində bahalaşma müşahidə olunur. İstehlakçılar bildirir ki, havanın nisbətən sərinləməsi ilə paralel olaraq, quş əti ötən ayla müqayisədə daha baha satılır.
Quş ətinin qiymətinin artmasının səbəbi nədir? Ümumiyyətlə, payız mövsümündə quş əti və yumurtanın qiymət artımı gözlənilirmi?
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə heyətinin sədri Mürvət Həsənli TNS-ə bildirib ki, ölkənin iri quş əti istehsalçılarının heç birində quş əti bahalaşmayıb, əksinə ucuzlaşma var: “Bizim assosiasiyaya daxil olan fabriklərin heç birində quş əti və yumurtanın qiyməti artmayıb.
Amma bəzi kiçik şirkətlər var ki, onlarda müəyyən qədər bahalaşma var. Bu, təbii haldır. Yay aylarında kənd toyuqlarının da dövrüyyəyə daxil olması qiymətlərin daha aşağı olmasına müəyyən miqdarda təsir edə bilirdi. Quş ətinin bahalaşması mövsümlə bağlıdır. Payız mövsümü ərəfəsindəyik. Məktəblər açılır, istirahətə gedən insanlar geri dönür. Bu amillər bahalaşmaya səbəb ola bilir”.
M. Həsənli qeyd edib ki, gələcək aylarda da iri müəssisələrin istehsal etdiyi toyuq əti və yumurtada heç bir bahalaşma gözlənilmir: “Yemin qiyməti stabildir. Ölkədə kifayət qədər yem ehtiyatı var. Yem əlavəsində bir az çatışmazlıqlar var idi, o problem də artıq həll olundu. Onun da bir təsiri gözlənilmir”.
Sədr vurğulayıb ki, yumurta ötən il müvafiq dövrü ilə müqayisədə bu il 5 qəpik ucuzlaşıb: “Ötən ilin müvafiq dövründə yumurta 17 qəpik idi, hazırda isə isə 11-12 qəpikdir. “Giləzi” brolyerin təzə kəsilmiş toyuğlarının topdan satış qiyməti 1 kiloqramı 4 manat 40 qəpiyə, “Siyəzən” broyler 20-30 qəpik daha baha, “Mərcan” broyler də bu qiymətlərdə satılır. Qiymətlər keçən ilin müvafiq dövrü ilə eynidir”.
Aygün