Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “Halliburton” şirkəti arasında “Texniki xidmətlərin göstərilməsi”nə dair Sazişi imzalanıb.

TNS SOCAR-a istinadən xəbər verir ki, sazişi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov və “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qrem Teylor imzalayıblar.

Sənəd Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağında qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.

Xatırladaq ki, “Günəşli” yatağı Bakı şəhərindən 120 km şərqdə, “Neft Daşları” yatağından 12 km cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. “Günəşli” qırışığı “Çilov-Neft Daşları” antiklinal qırışıqlıq qurşağına daxildir. Yataqda dənizin səviyyəsi 80-300 metr aralığında dəyişir. Yatağın uzunluğu 12,5 km, eni 4 km-dir.

Hazırda “Günəşli” yatağında, ümumilikdə, 370 quyu qazılıb ki, onlardan 279 quyu istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 201,3 milyon ton neft (kondensatla birlikdə), 127 milyard m3-dən çox qaz hasil olunub.

Qeyd edək ki, “Günəşli” yatağında maksimum hasilat 1991-ci ilə təsadüf edib. Həmin il 114 işlək quyudan 6,7 milyon ton neft çıxarılıb. Maksimal qaz hasilatı isə 2008-ci ildə 6,6 milyard kubmetr olub. Hazırda yataq işlənmənin III mərhələsindədir. Yataq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft-qazçıxvarma İdarəsi tərəfindən istismar olunur.