Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Ekspert: “Əkin subsidiyasının xeyrini fermerlər yox, toxum, gübrə satan şirkətlər görür”

Aqrar Subsidiya Şurası yanacaq qiymətlərinin artması ilə əlaqədar olaraq əkin subsidiyalarının məbləğini yüksəldib.

Avtomobil benzini və dizel yanacağının qiymət artımının bir hissəsinin kompensasiya edilməsi məqsədilə gələn ildən dənli və dənli paxlalılar, kartof, tərəvəz, yonca və təkrar əkinlər üçün əkin subsidiyaları artırılacaq.

Şuranın qərarına əsasən, meyvəçilik sahəsində də dəstək artırılacaq. Damcı suvarma sistemi ilə təmin olunmuş intensiv meyvə bağları üçün müxtəlif şərtlər də müəyyənləşib:

- Alma, armud, gilas, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;

- Xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;

- Limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;

- Fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;

- Badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;

- Qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;

- Əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.

Subsidiya veriləcək digər meyvə bağlarında isə 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti qoyulub.

Şuranın qərarına əsasən, bu ilin sentyabrın 1-dən dekabrın 31-dək intensiv fındıq bağlarının hər hektarına 4 400 manat, intensiv nar bağlarının hər hektarına 3 min manat və intensiv zeytun bağlarının hər hektarına 5 600 manat əkin subsidiyası veriləcək.

2025-ci ilin yanvarın 1-dən mayın 31-dək:

- Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında və Xocavənd rayonunda 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv fındıq bağlarına 4 400 manat əkin subsidiyası veriləcək.

- Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında intensiv nar bağlarına 3 min manat əkin subsidiyası veriləcək.

- Abşeron-Xızı, Qarabağ, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan və Şərqi Zəngəzur iqtisadi rayonlarında intensiv zeytun bağlarına hər hektara görə 5 600 manat məbləğində əkin subsidiyası veriləcək.

Bundan əlavə, zeytun bağlarının salınmasına görə əkin subsidiyasının verilməsi üçün minimum sahənin 2025-2026 təsərrüfat ilində 50 hektar, cari təsərrüfat ilində isə 15 hektar olaraq müəyyən edilməsi nəzərdə tutulur.

Ayrılan subsidiya fermerlərin işinə nə dərəcədə yarayacaq, yaxud da bu sahədə olan mövcud problemlərin həlli üçün yetərli olacaqmı?

Məsələ ilə bağlı TNS-ə danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, əkin subsidiyasının məbləğinin artırılması yalnız illik inflyasiyanı konpensasiya edə bilər: “Fermerlərə verilən əkin subsidiyası kifayət qədər aşağıdır. Məlum olduğu kimi, subsidiyanın verilməsində müəyyən struktur dəyişkliyi də edilir. Pambıq, çuğundur və s. kimi bitkilərə məhsula görə subsidiya veriləcək. Bu addımın fermerlərin gəlirlərinin artırıb-artırmayacağını gələcək göstərəcək. Azərbaycanda torpağın məhsuldarlığı ildən-ilə aşağı düşür. Məhz bu amilə görə məhsula görə subsidiya verilməsi səmərəsizliyini göstərəcək”.

Mütəxəssis subsidiya məsələsi ilə bağlı mövcud problemdən də bəhs edib: “Hazırda subsidiya məsələsində ən böyük problem vəsaitin nağdlaşdırılmasının mümkünsüzlüyü ilə bağlıdır. Fermer vəsaitin yalnız 25 faizini nağdlaşdıra bilir. Qalan 75 faizi ilə toxum, gübrə və s. bu qəbildən olan vasitələr alınır. Bunlar isə bəlli şirkətlərdən alınır. Məsələn, həmin vasitələri ölkəyə ancaq Kənd Təsərrüfatı Nazirliyinin portalında qeydiyyatdan keçən şirkətlər alıb gətirə bilər. Buna görə həmin şirkətlər bilir ki, onsuz da ödənilən vəsaiti fermerlər onlara xərcləyəcək. Ona görə də arxayın şəkildə ən ucuz və keyfiyyətsiz vasitələri gətirirlər və ya ölkənin özündə əldə edib baha qiymətə satırlar. Burada udan fermerlər yox, həmin şirkətlər olur. Nazirlik həmin şirkətlər vasitəsilə məbləği səmərəsiz şəkildə fermerin əlindən alır. Bu problem aradan qaldırılmalıdır. Fermer verilən subsidiyanı nağd şəkildə əldə edə bilməlidir”.

akifnesirli

Akif Nəsirli hökumətin bu məsələ ilə bağlı mövcud izahına da toxunub: “Hökumət bunu belə izah edir ki, fermer vəsaitin hamısını əldə edə bilsə, təyinatı üzrə xərcləməyəcək, maşın alacaq, ev tikdirəcək və s. Amma indiki formada da vəsait kənd təsərrüfatının inkişafı üçün xərclənmir. Keyfiyyətsiz toxum, gübrə və s. ilə səmərə götürmək mümkün deyil. Olmaz ki, həmin şirkətlərin yerinə fermerlər qazansın? Lap vəsaitin bir hissəsini öz ehtiyacına xərcləsin. Heç olmasa, qalan hissəsi də kənd təsərrüfatına sərf olunar. Belə olarsa, kənd təsərrüfatı ilə məşğul olmayan fermer sonda torpağı həqiqətən bu sahə ilə məşğul olan fermerə satacaq. Bu da kənd təsərrüfatı sahəsində torpaqların bütövləşməsini təmin edən amillərdən birinə çevrilə bilər”.

Aygün