Close

Turistlər ən çox hansı bölgələrimizə üstünlük verir?

Yay fəsli başlamadan insanların çoxu istirahət edəcəkləri yerlərlə bağlı planlar qurur. Artıq həmin planların həyata keçirildiyi aylardan birindəyik.

İnsanlar istirahət etmək, eyni zamanda paytaxtın səs-küyündən, rütubətli havasından bir neçə günlük də olsa, uzaqlaşmaq üçün müxtəlif bölgələrə üz tutur.

Şəhər sakinləri, eləcə də ölkəyə gələn əcnəbi turistlər istirahət etmək üçün ən çox hansı bölgələri seçir?

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev TNS-ə deyib ki, paytaxt sakinləri, əcnəbi turistlər yay ayalrında istirahət etmək üçün şimal bölgəsinə daha çox üstünlük verirlər: “Turistlər Quba, Qusar, eyni zamanda Şəki, Qax-Zaqatala və Balakən bölgəsinə daha çox gedirlər. Hazırda ölkəmizə ərəb ölkələrindən gələn turistlərin sayında çoxluq müşahidə olunur. Bu ölkələrdən gələnlər dağ turizmini sevirlər. Rusiyadan gələn turistlər daha çox çimərlik otellərinə üstünlük verirlər”.

turizmekspert

Ekspert bildirib ki, bu gün səyahət etmək üçün maraq göstərilən yerlər arasında işğaldan azad olunan ərazilər xüsusi yer tutur: “Şərqi Zəngəzurda və Qarabağ iqtisadi rayonunda böyük turizm potensialı var. Artıq Şuşa və Laçına, eyni zamanda Suqovuşana turist marşrutları təşkil olunur. Eyni zamanda, insanlar öz şəxsi avtomobilləri ilə rahat şəkildə bu ərazilərə səyahət edə bilirlər”.

TNS-nin bölgələrdəki otel qiymətləri ilə bağlı kiçik araşdırmasının nəticələrindən bəlli olur ki, hazırda Naftalan şəhərində yerləşən “Nafta” sanatoriyasında bir günün qiyməti bir nəfər üçün 73 manatdan (səhər yeməyi daxil) başlayır. Eyni şəhərdə olan “Murov” sanatoriyasında bu rəqəm 75 manatdır.

Rayonlarda günlük kirayə mənzillərin qiyməti 55-60, 120 manat və daha yüksək məbləğlər təşkil edir. Quba, Qusar, Oğuz və s. rayonlarda ailəvi qalmaq üçün tədqim olunan kotteclərin qiyməti 1 günə 80 manatdan başlayır.

Aygün