Close

Azərbaycan xarici borclarını niyə artırır?

Maliyyə naziri Samir Şərifov ölkəmizin xarici dövlət borclarının kifayət qədər aşağı olduğunu bildirib.

Hazırda xarici borcların 5,5 milyard dollar təşkil etdiyini deyən nazir bunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılmasının nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Xarici borcun artırılması nə ilə əlaqədardır? Alınan borclar hansı sahələrə yönəldiləcək?

TNS-in suallarını cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, hazırda xarici dövlət borcu elə də böyük məbləğdə olmadığından daha çox layihələrlə bağlı onu artırmaq mümkündür.

Onun sözlərinə görə, burada heç bir qorxulu tendensiya yoxdur: "Bu ilin yanvarın 1-nə ölkəmizin daxili və xarici borcunun səviyyəsi 26 milyard 850 milyon 400 min manat təşkil edib. Bu da ötən il, yəni 2023-cü il üzrə qeydə alınan ÜDM-in 21,8%-nə bərabər deməkdir. Bunun 10 milyard 984 milyon manatı (6 milyard 461 milyon 200 min ABŞ dolları) - 40,9%-i xarici, 15 milyard 866 milyon 400 min manatı - 59,1%-i isə daxili dövlət borcunun payına düşüb. Göründüyü kimi, xarici dövlət borcunun məbləği daxili borcdan azdır. Əsas cəhət də elə məhz bundadır. Belə ki, 6 milyard 461 milyon 200 min ABŞ dolları həcmində xarici dövlət borcu səviyyəsi 2023-cü il ərzində qeydə alınmış 123 milyard 5 milyon 500 min manat ÜDM-in 8,9%-nə bərabərdir. Bu, hətta inkişaf etmiş ölkələrin belə paxıllıq edəcəyi bir rəqəmdir. Onlarda xarici dövlət borcunun ÜDM-ə nisbətdə səviyyəsi bundan dəfələrlə çox olur".

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin hələ illər öncədən irəli sürdüyü təşəbbüs nəticəsində dövlət borcunun idarəedilməsi üzrə müvafiq strategiya həyata keçirilir: "Buna uyğun olaraq, xarici borc ümumi borc portfelində azlıq təşkil edir. Eyni zamanda 2021-ci ildən ÜDM-in həcminin artması hesabına ona nisbətdə payı da azalır. Dövlət başçısı 2018-ci ildə “Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Həmin sənəddə dövlət borcu sahəsində dayanıqlılığı təmin etməklə onun ÜDM-ə nisbətdə həcmini tədricən azaltmaq qarşıya vəzifə olaraq qoyulub".

Ekspertin dediyinə görə, ölkəmiz bu illər ərzində xaricdən borc almağı azaldıb: “Əvəzində daxili borclanma genişləndirilib. Bunun heç bir zərəri yoxdur. Çünki daxili maliyyə, xüsusən də onun ən mühüm seqmenti olan qiymətli kağızlar bazarı inkişaf edib və edir. Böyük enerji resurslarına sahib olduğumuzdan ödəniş qabiliyyətli ölkəyik. Odur ki, xaricdən gen-bol borc vəsaitləri cəlb edə bilərik".

Rövşən Ziya