Avtomobil krediti verən banklar - Ən sərfəli hansıdır?

Avtomobil sahibi olmaq üçün krediti hansı bankdan almaq sərfəlidir?
Bu sual bir çoxunu düşündürür. Çünki elə bank var ki, təklif etdiyi kredit şərtləri avtomobil sahibi olmaq istəyən müştərilər üçün əlçatandır, rahatlıqla istədiyi məbləği ala bilər. Bəzi banklar isə elə şərtlər qoyur ki, heç müraciət etməyə dəyməz.
TNS bəzi aparıcı bankların avtomobil almaq arzusunda olan müştərilər üçün kredit məbləğləri, ilkin ödəniş, illik faiz dərəcələrini və digər tələblərini araşdırıb.
Azərbaycan Beynəlxalq Bankı
Bu bank avtomobil almaq istəyənlər üçün 200 000 manata qədər kredit məbləği təklif edir. Müddəti 60 ayadəkdir, ilkin ödənişi 10 faizdən başlayır və 0.5 faiz (minimum 20 manat) komissiya haqqı tutulur.
Kreditlə alınan nəqliyyat vasitəsinin istehsal tarixi 3 ilə, yürüyüşü isə 1000 km-ə qədər olmalıdır.
İllik faiz dərəcəsi avtomobil növlərinə görə bölünür. Elektrik mühərrikli maşınlar üçün 12 faizdən, hibridlər üçün 12.5 faizdən, digərləri üçünsə 13 faizdən başlayır.
Kapital Bank
Müştərilər üçün bu kredit növünün ilkin ödənişi 10 faizdən, illik faiz dərəcəsi 12 faizdən başlayır. Məbləği 5000 - 200 000 manat, ödəmə müddəti isə 12-59 ay arasındadır.
0.5 faiz (minimum 20 manat) komissiya haqqı tutulur.
Bu bankda ilkin ödəniş avtomobil növlərinə görə dəyişir: elektromobillər üçün 10, hibridlər üçün 20, digərləri üçün 40 faiz ilkin ödəniş etmək lazımdır.
Xalq Bank
Bank avtomobil sahibi olmaq istəyən müştərilərinə 150 000 min manata qədər avtoktedit təklif edir. Ödəmə müddəti 60 aya qədərdir. İllik faiz dərəcəsi 10, ilkin ödənişi 20 faizdən başlayır. 0,2 faiz həcmində komissiya haqqı tutulur.
Elektrikli avtomobillər üçün istehsal tarixi 1 ilədək olduqda 20 faiz, 1-3 il arasında olduqda 30 faiz, 3 ildən çox olduqda 40 faiz ilkin ödəniş tələb olunur. Hibrid mühərrikli avtomobillər üçün də ilkin ödəniş eyni qaydada - 20-50 faiz arasında dəyişir. Lakin digər növlər üçün ilkin ödəniş 40-60 faizdir.
Kreditləşmə müddətinin sonuna istifadə olunmuş avtomobilin buraxılış müddəti:
- İran, Çin və MDB ölkələri: 5 il
- digər ölkələr: 7 ildir.
Bank Respublika
Bank öz müştərilərinə 100 000 manata qədər avtoktedit növü təklif edir. Ödəniş müddəti 36 ay, illik dərəcəsi 18 faizdir. Komissiya haqqı 1 faizdən başlayır.
İlkin ödənişi 40 faizdən başlayan kreditin illik faiz dərəcəsi 18-22 faiz arasında dəyişir.
Kreditin müddəti 12 ayadək olduqda 18 faiz, 13-24 ay olduqda 21 faiz illik faiz hesablanır. Muddət 25-36 ay olarsa, bu rəqəm 22 faizə yüksəlir.
Girov yalnız istehsal tarixi 1 ildən az olan avtomobillər üçün keçərlidir. Zamin isə istisna hallarda tələb edilir.
Unibank
Burada avtomobil almaq üçün vətəndaşlara 50 000 manata qədər avtoktedit növü təklif olunur. Ödəmə müddəti 60 ayadəkdir.
İllik dərəcəsi 19 faizdən, ilkin ödənişi 20 faizdən başlayır. Yeni və ya istehsal ili 2007-ci ildən yuxarı olan nəqliyyat vasitələri üçün kredit təminatı verilir.
Bank of Baku
Bu bankda avtokteditin maksimum məbləği 50 000 manatdır. Ödəmə müddəti 6-36 ay arasında dəyişir. İllik dərəcəsi 16 faizdən başlayır. 1 faizlik komissiya haqqı tutulur.
Avtomobilin dəyəri 30 000 manatdan çox olduqda 40 faiz, 30 000 manatdan az olduqda 50 faiz ilkin ödəniş tələb olunur.
Rövşən Ziya