Tikinti materialları bazarında son durum- Yerli və idxal malların qiymətində kəskin fərq var

"Aprel ayında əsasən, sementdə və sementdən hazırlanan daş plitələrdə 40-50 qəpiklik bahalaşma olub. Bir də Rusiyadan idxal olunan dikt materiallarında bir qədər qiymət dəyişikliyi baş verib".
Bunu TNS-ə daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.
O, bahalaşmanın səbəbinin istehsalçıların atdığı bəzi addımlarla bağlı olduğunu bildirib: "Onlar xarici ölkələrdən aldıqları bəzi xammal materiallarının qiymətinin baha başa gəldiyini iddia edirlər. Buna görə də qiyməti bir qədər qaldırırlar. Ancaq xaricdən gələn sement məhsullarının qiymətində heç bir dəyişiklik yoxdur".
Ekspertin dediyinə görə, mövsümlə əlaqədar bazarda hansısa məhsulun qıtlığı olarsa, o zaman bahalaşma baş verir: "Ancaq hazırda belə bir hal olmadığına görə, digər tikinti materiallarının qiymətləri stabildir".
Əsas problemin alıcıların azalması ilə əlaqədar olduğunu deyən ekspert əlavə edib ki, buna görə də yüksək həddə artımların baş verməsi inandırıcı görünmür.
O, bunu fərdi evlərin tikintisinin azalması ilə əlaqələndirib: "Ötən il Nazirlər Kabinetinin qərarı ilə fərdi evlərin tikintisinə və sənədləşməsinə nəzarət artırıldı. Xüsusilə, tikintisinə icazə verilməyən evlərə və obyektlərə kommunal xidmətlərin göstərilməsinin qarşısı alındı. Bu qərardan sonra Bakı şəhərində həyətyanı evlərin tikintisi xeyli səngidi. Bu amil tikinti bazarında alıcıların sayını azaldıb. Son vaxtlar mənzillərin, eləcə də torpaq sahələrinin bahalaşması vətəndaşların gözləmə mövqeyində qalmasına səbəb olub".
Ekspert yerli məhsulların idxal materialları ilə müqayisədə daha ucuz olduğunu diqqətə çatdırıb: “Türkiyədən gətirilən santexnika aksesuarları ilə yerli məhsul arasında xeyli fərq var. Məsələn, bu ölkədən gətirilən plastik borunun 1 metri 2.50 manatdan başlayır. Amma yerli boruların qiyməti 1.20-1.30 manat arasında dəyişir".
Rövşən Ziya