Close

Toyuq əti və yumurta idxalına tətbiq olunan rüsumlar yerli sahibkarlarda inam yaradır

Azərbaycanda yumurta və toyuq əti idxalına tətbiq olunan əlavə rüsumların müddəti uzadılıb.

Damazlıq və süfrə yumurtası, həmçinin toyuq ətinin idxalına tətbiq olunan əlavə rüsumlar daha iki il qüvvədə olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, damazlıq və süfrə yumurtası üçün 10 sent, toyuq ətinin 1 kiloqramı üçün 1 dollarlıq əlavə idxal rüsumu 2025-ci ilin 31 dekabrına qədər tətbiq olunmağa davam edəcək.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli TNS-ə bildirib ki, artıq bir neçə ildir, tətbiq edilən bu qüsum daxili bazarın qorunmasına xidmət edir: “Damazlıq və süfrə yumurtası, həmçinin toyuq ətinin idxalına tətbiq olunan əlavə idxal rüsumi bu sahədə fəaliyyət göstərən sahibkarları stimullaşdırır. Onlarda yeni istehsal müəssisələri yaratmağa inam yaradır”.

M.Həsənli deyib ki, quşçuluq müəssisələrini yerli istehsal yem və yem əlavələri ilə təmin etmək mümkün olmadığından bu məhsullar xaricdən, əsasən, Rusiya və Ukraynadan gətirilir: “Yem və yem əlavələrinin gömrük rüsumlarından azad olunması müddəti də daha üç il uzadılıb”.

Xatırladaq ki, Azərbaycanda 2016-cı ildən etibarən quşçuluq sektorunun inkişafına dəstək məqsədilə xaricdən idxal olunan damazlıq və süfrə yumurtasına, həmçinin toyuq ətinə əlavə rüsumlar müəyyən olunub. Bu addımın müsbət nəticəsi Azərbaycanda süfrə yumurtası istehsalının daxili bazarın tələbatından 30 faizədək artıq həcmə çatması, beləliklə də bu sosial əhəmiyyətli məhsulla təminat baxımında ölkəmizdə tam təhlükəsizliyin əldə edilməsidir.

Aygün