Close

“Azərbaycana Koreyadan gətirilən saxta avtomobil ehtiyat hissələri insan həyatı üçün təhlükəlidir"

“Dünya miqyasında əmtəə bazarlarında xeyli saxta məhsul var. Beynəlxalq təşkilatlatların hesabatına əsasən, hətta təyyarə hissələrinin belə 3 faizi saxtadır”.

Bunu TNS-ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, saxta məhsulların geniş yayılması tendensiyası Azərbaycandan da yan keçməyib: “Azərbaycanda biznes qurumları üçün çox rahat və toxunulmaz şərait yaradılıb. Bəzi biznes qurumları istehlakçıları aldadır. Məlumdur ki, dəfələrlə həmin biznes rəsmi qurumlar tərəfindən ifşa olunub.

Saxta məhsulların bazarda, xüsusilə texnologiya sahəsində geniş yayılması ciddi problemdir. Bəzən gömrük orqanları da saxta məhsulları orijinaldan ayırd etməkdə çətinlik çəkir”. 

Eyyub Hüseynov bildirib ki, brend adı altında gələn bəzi məhsullar istehlakçıların aldadılaraq,  onlardan artıq pul alınması ilə nəticələnsə də, insan həyatı üçün təhlükə yaratmır. Lakin elə saxta mallar da var ki, istehlakçıların həyatını üçün təhlükəlidir: “Misal üçün, avtomobil ehtiyat hissələri bu qəbildən olan mallara aiddir. Bu yaxınlarda saxta avtomobil ehtiyat hissələrinin araşdırılmasına başlayacağıq. Əvvəlcə Koreya istehsalı ehtiyat hissələrini araşdıracağıq. Bizdə olan məlumata görə, Azərbaycana Koreyadan saxta avtomobil ehtiyat hissələri gətirilir”.

Ekspert deyib ki, bəzi hallarda satıcılar məhsulun orijinal olmadığını etiraf edirlər: “Brend markalar adı altında istehsal olunan məhsullara maraq çoxdur. Belə məsələlərə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütləq ciddi nəzarət etməlidir”.

brend2