Close

13:46
09 May 2025
13:40
09 May 2025
13:07
09 May 2025

Deputat: “Monopoliya aradan qalxacaq”

Azərbaycanda Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlar ləğv ediləcək.

Bu qanunların ləğv edilməsinin səbəbi nədir? Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə bu sahədə hansı dəyişikliklərin olması gözlənilir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov TNS-in mövzu ilə bağlı suallarını cavablandırarkən deyib ki, Rəqabət Məcəlləsinin qəbulu çox əhəmiyyətlidir: “Uzun müddət idi, məcəllənin Milli Məclisə daxil olmasını gözləyirdik. Parlamentdə Rəqabət Məcəlləsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin rəhbərliyi ilə ictimai müzakirəsi keçirilib. Qeyri-hökumət təşkilatları, partiya sədrləri də həmin müzakirələrə dəvət olunub, fikirlərini bildiriblər. Müzakirələrdə ümumi fikir bundan ibarət olub ki, Rəqabət Məcəlləsi yüksək səviyyədə hazırlanıb. Məcəllə nəticədə qəbul olunmalıdır”.

Deputat deyib ki, məcəllə ilə əlaqədar müəyyən irad və təkliflər var: “Hazırda onların üzərində işləyirik. Rəqabət Məcəlləsi üç qanunu - “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunları, bu qanunlardan irəli gələn digər hüquqi aktları vahid bir sənəddə birləşdirir. Məcəllənin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitində əlverişliliyin artırılması və azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sənəd ölkəmizdə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətlərini hüquqi əsaslarla müəyyən edən bir sənəddir”.

Milli vəkili bildirib ki, bir sıra ölkələrin, o cümlədən Türkiyə, Amerika Birləşmiş Ştatları və Avropa dövlətlərinin Rəqabət məcəllələri öyrənilir: “Bu məcəllədə yeniliklər çoxdur. Misal üçün, təbii inhisar sahələrinə nəzarət alətləri faktiki olaraq dəyişdirilib. Onların fəaliyyətində şəffaf və çevik nəzarəti təmin edən müddəalar əks olunub. Burada əsas məsələlərdən biri də kiçik və orta biznes subyektlərinin bazara girişinin, bazarda inkişafının qarşısını alan maneələrin aradan qaldırılmasıdır. Rəqabət Məcəlləsi bazarda hökmran mövqeyinə aydınlıq  gətirəcək. Bazar payında 50 faiz hökmran mövqeyə malik olmağa icazə verilmir. Məcəllədə qanun pozuntuları olduğu halda müəyyən sanksiyaların tətbiqi də nəzərdə tutulur. Daha sonra rəqabətlə bağlı orqanının yaradılması məsələsi də var. Milli Məclisdə birinci oxunuşda təkliflərimizi bildirdik. Həm də komitənin iclasında bu barədə geniş müzakirələr apardıq.

İkinci oxunuşda yəqin ki, İqtisadiyyat Nazirliyi və hökumət üzvləri ilə birlikdə müəyyən qərarlar qəbul edəcəyik.

Məcəllənin qəbulunda başlıca məqsədimiz odur ki, bazarda həm qiymət siyasətinə müəyyən qədər təsir olsun, həm də monopoliya prosesi aradan qalxsın”.

Bünyamin Bünyadzadə