Close

"Azərbaycan, Gürcüstan və Ermənistan vahid turizm mərkəzinə çevrilə bilər” – İqtisadçıdan diqqətçəkən açıqlama

"Qarabağ - Zəngəzur zonasındakı zəngin təbii sərvətlərimizin, oradakı mühitin iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində kifayət qədər işlər görülür. Nəzərə almalıyıq ki, arxivdə həm geoloji, həm meşə, həm də ətraf mühitlə bağlı digər fondlarımızda sovet dönəmində aparılmış kəşfiyyat işlərinin hesabatı mövcuddur. 1980-ci illərin əvvəllərində və ortalarında - ümummilli lider Heydər Əliyevin Moskvada rəhbər vəzifədə işlədiyi zamanlarda da Qarabağ zonasında kəşfiyyat işləri və zəngin təbii sərvətlərin dəyərləndirilməsi prosesləri gedirdi. Bu gün həmin məlumatlar bizim arxiv fondlarından aidiyyəti üzrə yönəldilir, iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində işlər aparılır”.

Bunu TNS-ə iqtisadçı Fuad İbrahimov deyib.

Onun sözlərinə görə, bu gün Araz Vadisi İqtisadi Zonasında Sənaye Parkının yaranması reallığa çevrilir: “Eyni zamanda Ağdamdakı Sənaye Parkını mərkəz kimi nəzərdə tutmuşuq. Bütün bu işlər kompleks şəkildə dəyərləndirilir. Burada logistik inteqrasiya nəzərə alınmaqla gələcəkdə hansısa məhsulun ixrac amilinə çevrilərək, ölkədən rahatlıqla çıxarılması məsələləri düşünülür”.

İqtisadçı bu ilin 8 ayında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin 35,5 milyard ABŞ dolları dəyərində olduğunu xatırladıb: “Gələcəkdə Qarabağın iqtisadi potensialından faydalanmaqla təkcə özümüzün deyil, bədnam qonşumuzun da iqtisadi dirçəlişinə şərait yarada bilərik. Qafqazda sabitliyin bərqərar olması ilə Azərbaycan, Gürcüstan və Ermənistanın vahid turizm məhəlləsinə çevrilməsi reallaşacaq. Dünya təcrübəsində belə nümunələr mövcuddur. Yaxın Şərqdə və Avropada Şengen ölkələrinin timsalında bu nümunələr var. Cənubi Qafqaza sülhün gəlməsi ilə birlikdə biz də buna nail ola bilərik. Sinqapur və digər bu kimi ölkələrin iqtisadiyyatının formalaşmasında turizmin xüsusi rolu var. Biz zəngin təbii sərvətlərimizi bu istiqamətə yönəltməliyik”. 

Fuad İbahimov bildirib ki, Azərbaycanın Orta Dəhliz layihəsi Qərblə Şərq arasında ən elastik yollardan biridir. Bunun artıq konkret icra mexanizmləri də var.

“Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmit yolu, TANAP və növbəti mərhələdə TAP layihələrinə inteqrasiya olunmaqla Azərbaycanın Avropaya çıxışı böyük uğurlardır. Bunların hər biri maliyyə dayanıqlığı olan strateji layihədir. Artıq hətta Çin kimi güclü iqtisadiyyata malik ölkələr də bu layihələrin daha da genişlənməsində, şaxələnməsində maraqlıdır.

fi

"Türk dövlətlərinin də bu prosesə qoşulması, Türk dünyasının ticarət dövriyyəsinin Zəngəzur dəhlizi vasitəsilə ilə artırılması hədəflənib. Bu kimi göstəricilər Azərbaycanın ticarət dövriyyəsinin daha da artmasına şərait yaradır. Bu gün mövcud olan 35,5 milyard dövriyyəni 2 il ərzində 50 milyard dollara çatdıra bilərik. Bunun da əsas çıxış yollarından biri kommunikasiya məsələləri, dəhlizlərin şaxələnməsi və sabitliyin olmasıdır. Beləliklə də Azərbaycanın ticarət tərəfdaşlarının siyahısında ilk yerlərdə Türkiyə, Rusiya, Çin, Almaniya, İtaliya və s. var. Kommunikasıyanın açılması ilə bu tərəfdaşların sırasına digər dövlətlər, o cümlədən qardaş Pakistan, digər türk dövlətləri, Yaxın Şərq ölkələri daxil ola bilər. Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması da bu istiqamətdə münbit şərait yaradacaq”, - o əlavə edib.

Bünyamin Bünyadzadə