Qurbanov qələbədən danışdı

"İlk növbədə, futbolçularımı bir illik əziyyətdən sonra belə bir uğur əldə etdiklərinə görə təbrik edirəm. Bu, məni sevindirir. Çempionluğun sayı bəlkə çox görünür, amma buna baxmayaraq, komandanı istəkli saxlamaq, futbolçuların özlərinin istəkli olmaları çox vacibdir. Bu mövsüm də bunun şahidi oldum. Hər birinə təşəkkürümü bildirirəm".
TNS xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə edərək, 12-ci dəfə Azərbaycan çempionu olduqları Premyer Liqanın XXXII tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis meydanda əsl çempionluq qarşılaşmasının getdiyini bildirib:
"Hər iki komandanın ifasında yaxşı oyun, sürət və dinamika var idi. Əlbəttə, belə çox gözəl ab-havaya malik stadionda oynamaq həmişə xoşdur. Azarkeşlərimiz də bu çempionluğu haqq etdilər. Çünki ilboyu yağışda, qarda, soyuqda bizimlə oldular. Elə bir oyun olmadı ki, bizi tək qoysunlar. Onları da təbrik edirəm".