“Nyukasl” ”Mançester Yunayted”i darmadağın etdi

İngiltərə Premyer Liqasının 32-ci turunda “Çelsi” autsayder “İpsviç”i, “Nyukasl” isə “Mançester Yunayted”i qəbul edib.
TNS xəbər verir ki, “Çelsi” – “İpsviç” matçı “Stemford Bric”də, “Nyukasl” – “Mançester Yunayted” qarşılaması isə “Sent Ceyms Park”da keçirilib.
İlk oyun 2:2 hesabı ilə başa çatıb.
“Nyukasl” – “Mançester Yunayted” qarşılaşmasında isə beş qol vurulub. Matçın ilk yarısı 1:1 bitib. İkinci hissədə isə “Nyukasl” Harvi Barns (49’, 64’) və Brunu Gimaraynşın (77’) qolları sayəsində “qırmızı şeytanları” daha üç dəfə məyus edib – 4:1.
Beləliklə, 32-ci turdan sonra 54 xala malik “Çelsi” “Aston Villa” ilə xallarını bərabərləşdirib və 6-cı pilləyə yüksəlib. 18-ci pillədəki “İpsviç” (21 xal) isə yerində addımlayıb.
Bu qələbədən sonra “Nyukasl” (56) “Aston Villa” (54), “Çelsi” (54) və “Mançester Siti”ni (55) geridə qoyaraq ilk dördlüyə daxil olub. Ehtiyatında bir oyunu olan “sağsağanlar”ı “Nottinhem Forest”dən bir, “Arsenal”dan isə yeddi xal ayırır. Ruben Amorimin yetirmələri (38) isə “Everton”un dünənki qələbəsi fonunda 14-cü pilləyə düşüblər. Komandanın liqadan düşmə ehtimalı olmasa da, növbəti il avroturnirlərdə iştirak etmək uğrunda da yarışdan kənardır. Bununla belə, “qırmızı şeytanlar” Avropa Liqasında mübarizəni davam etdirirlər. Turnirdəki mümkün birincilik “mankunianlar”a Çempionlar Liqasına vəsiqə qazandıracaq.
Qeyd edək ki, günün digər qarşılaşmalarında “Tottenhem” “Vulverhempton” səfərindən əliboş qayıdıb – 4:2, “Liverpul” isə son dəqiqələrdə “Vest Hem”dən 3 xal alıb.