Qəbələ-Xankəndi ultramarafonununun qalibləri müəyyənləşdi - YENİLƏNİB

Qəbələ-Xankəndi ultramarafonununun sonuncu - dördüncü mərhələsinin qalibləri müəyyənləşib.
TNS xəbər verir ki, Ağdamdan başlayan yarış Xankəndidə sona çatıb.
Ultramarafon iştirakçıları bu mərhələdə 28 kilometr məsafə qət ediblər.
Son mərhələnin qalibi kişilər arasında türkiyəli atlet Ömər Alkanoğlu olub. İkinci yeri onun həmyerlisi Üzeyir Söyləməz, üçüncü pilləni isə gürcüstanlı Georgi Lomidze tutublar.
Əvvəlki üç mərhələni Üzeyir Söyləməz birinci pillədə başa vurduğu üçün əsas mükafat ona verilib.
Qadınların mübarizəsində son mərhələni Türkiyəli Hasibe Deniz birinci, ukraynalı Olena Şevçenko ikinci, Leyla Abdinova isə üçüncü sırada başa vurub.
Burada da ilk üç mərhələdə Olena Şevçenko bütün rəqiblərini qabaqladığı üçün əsas qalib o hesab edilib.
Qeyd edək ki, “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri yer alıblar.
Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun ilk mərhələsində iştirakçılar Qəbələdən Ağdaşa qədər 55 km məsafəni qaçıblar.
İdmançılar daha sonra Ağdaşdan Bərdəyə (65 km) və Bərdədən Ağdamadək (44 km) məsafəni qət ediblər. Əvvəlki üç mərhələnin qalibləri ayrıca təltif edilib. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
12:12
II Xankəndi Ultramarafonunun Ağdam-Xankəndi istiqamətinə hərəkət davam edir.
TNS-in yerli müxbirinin xəbərinə görə, marafon iştirakçıları səhər saatlarından başlayaraq işğaldan azad olunmuş Ağdam şəhəri istiqamətindən Xankəndi şəhəri xətti üzrə davam edirlər.
Qaçış iştirakçıları Xocalı rayonu ərazisində davam edirlər.
10:32
Qəbələ-Xankəndi ultramarafonununun dördüncü mərhələsinə start verilib.
TNS xəbər verir ki, Ağdamdan başlayan sonuncu mərhələ Xankəndidə başa çatacaq. Ultramarafon iştirakçıları son mərhələdə 28 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var.
Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun əvvəlki mərhələləri Qəbələdən Ağdaşa (kilometr), Ağdaşdan Bərdəyə (65 kilometr) və Bərdədən Ağdamadək (44 kilometr) olub. Əvvəlki üç mərhələnin qalibləri ayrıca təltif edilib. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.