Tovuzda yeni rekord

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Turan Tovuz” – “Qarabağ” oyununu 6500 tamaşaçı izləyib.
TNS xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb.
Bu, Qərb təmsilçisi üçün çempionatdakı yeni rekorddur. 2022/23 mövsümündən yenidən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.
Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) “Qarabağ”a qarşı keçirilən görüşləri 6000 tamaşaçı izləyib.
Ötən gün keçirilən oyun “Turan Tovuz” üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Qərb təmsilçisi turnirdə 100-cü matçına çıxıb.
Premyer Liqada "Turan Tovuz" adı ilə 3-cü mövsümünü keçirən Tovuz klubu yubiley oyununda “Qarabağ”a 1:4 hesabı ilə uduzub. Komanda 100 qarşılaşmada 34 qələbə qazanıb, 28 heç-heçə edib və 38 dəfə məğlub olub. Bu görüşlərdə 124 dəfə fərqlənən tovuzlular 135 qol buraxıb.
Tovuzdakı matç həm də meydan sahiblərinin 50-ci ev oyunu olub. 18 qələbə və 12 heç-heçəsi olan komanda 20-ci məğlubiyyətini alıb. 67 qol vuran “Turan Tovuz” 70 top buraxıb.
Qeyd edək ki, “Turan Tovuz” adı altında Premyer Liqada 2022/23 mövsümündə debüt edən Tovuz təmsilçisi ilk matçını 2022-ci il avqustun 8-də “Qəbələ”yə qarşı keçirib – 0:2.