Türkiyə mötəbər velosiped yarışlarına ev sahibliyi edəcək
![](/upload/files/up3/Xeberler/2025/2/15/WhatsApp_Image_2025-02-15_at_00-25-22.jpg)
Füsunkar mənzərələri, tarixin izlərini daşıyan unikal irsi və dörd fəsil boyunca ideal hava şəraiti ilə Türkiyə velosiped sürmək üçün dünyada ən gözəl məkanlardan biridir.
TNS xəbər verir ki, şosse, dağ, çınqıl və elektrikli velosiped sürənlər üçün geniş marşrut şəbəkəsinə malik olan Türkiyə hər səviyyədə idmançılar üçün müxtəlif velosiped yolları təklif edir.
İstanbulun qitələrarası yolları, İzmirin sahil xətti boyunca uzanan “EuroVelo 8” marşrutu və Anadolunun macəra dolu dağ yolları bu marşrutlardan yalnız bir neçəsidir. Eyni zamanda, Türkiyə həm peşəkar, həm də həvəskar velosipedçilər üçün mötəbər yarışların keçirildiyi əsas mərkəzlərdən biridir.
27 aprel – 4 may tarixlərində baş tutacaq Prezident Velosiped Turu və 11-12 oktyabrda İstanbulda təşkil ediləcək L’Etape Türkiye by “Tour de France” kimi nüfuzlu yarışlar iştirakçılara Türkiyənin çətin, eyni zamanda unikal marşrutlarını kəşf etmək imkanı yaradır. 2025-ci il üçün nəzərdə tutulan velosiped yarışlarının proqramı:
Bu il Türkiyənin velosiped təqviminə əlavə olunan ən maraqlı yarışlardan biri “Tour of Pedalia”dır. Hazırda Antalyada yarışın qış seriyası keçirilir. Bu yarışda müxtəlif ölkələri təmsil edən 11 velosiped komandasında yarışır. 80-dən çox idmançı bu möhtəşəm turnirdə iştirak etmək üçün Antalyaya toplaşıb. Velosipedçilər şəhərin tarixi, təbiəti və müasir infrastrukturunun vəhdətini əks etdirən 203 km-lik marşrutda mübarizə aparırlar. İlk dəfə təşkil edilən bu yarış, eyni zamanda konsertlər, uşaqlar üçün velosiped yarışları, ictimai yürüşlər, seminarlar və digər maraqlı tədbirlərlə yadda qalacaq.
Həvəskar velosipedçilərə özlərini sınamaq imkanı verən “Gran Fondo” bu il də Türkiyənin velosiped səhnəsinin ayrılmaz hissəsi olacaq. Yarış çərçivəsində il ərzində 13 fərqli vilayətdə ümumilikdə 16 yarış keçiriləcək. Yaz aylarında isə bu möhtəşəm turnirin ilk dayanacaqlarından biri, sahil gözəlliyi ilə seçilən Kemer olacaq. 18-19 aprel tarixlərində baş tutacaq “Kemer Gran Fondo” çimərlikləri, mavi sularla əhatələnmiş kiçik körfəzləri və 13 velosiped marşrutu — beşi şosse, səkkizi isə dağ velosipedləri üçün nəzərdə tutulmuş yolları ilə iştirakçılara unudulmaz təcrübə yaşadacaq.
“Gran Fondo”nun həyəcanı Egey bölgəsinə də yayılaraq, bu unikal regionda xüsusi atmosfer yaradacaq. Möhtəşəm sahil xətti, zəngin mədəniyyəti və rahat həyatı ilə tanınan Egeyin ilk yarışları, Aralıq dənizi ilə Egey dənizinin qovuşduğu Bodrum və Fethiyedə keçiriləcək. “Bodrum Gran Fondo” (5-6 aprel), şəhərin füsunkar sahil xətti boyunca həm idmanı, həm də mədəni kəşfləri birləşdirən bir yarış olacaq. Ardınca “Fethiye Gran Fondo” (12-13 aprel) iştirakçılara dağların və dənizin heyranedici mənzərələri fonunda kənd yolları, zeytun bağları və üzüm bağları arasından keçən unikal marşrutlar təqdim edəcək.
“Gran Fondo” yazın sonlarında Marmara bölgəsində start götürərək 24-25 may tarixlərində Bursada təşkil olunacaq. Tarixi irsi, zəngin mətbəxi və təbiəti ilə məşhur olan bu şəhər, yarış iştirakçılarına unikal velosiped marşrutları və unudulmaz təəssüratlar vəd edir.
“Gran Fondo” bu ilki dəfə Qara dəniz bölgəsində də möhtəşəm sınaqlar təqdim edəcək. Yarışın Qara dəniz mərhələsi 17-18 may tarixlərində, gözəl təbii mənzərələri ilə seçilən, həm müasir, həm də tarixi Samsun şəhərində başlayacaq. “Gran Fondo” iştirakçıları eyni zamanda nağıl kimi bir diyar olan Kapadokiya və paytaxt Ankara ilə də tanış edəcək. 14-15 iyun tarixlərində Kapadokiya, qədim mağara evləri və geniş vadiləri ilə velosipedçiləri valeh edəcək.
Trabzon 28-29 iyun tarixlərində velosipedçiləri qəbul edəcək, bu zaman iştirakçılar sahil boyunca sürərək şəhərin panoramik mənzərələrinin dadını çıxaracaqlar. Növbəti dayanacaq Ankara olacaq, burada 23-24 avqust tarixlərində, velosipedçilər paytaxtın zəngin tarixini, möhtəşəm abidələrini və canlı şəhər atmosferini kəşf edəcəklər. Zonguldağ Gran Fondo” 30-31 avqust tarixlərində keçiriləcək və iştirakçılar Zonguldağın dağlı və yaşıl təbiətindən, eləcə də möhtəşəm dəniz mənzərələrindən keçərək həyəcanlı bir səyahətə çıxacaqlar. Qara dənizdə “Gran Fondo”nun həyəcanı 13-14 sentyabr tarixlərində Rize ilə sona çatacaq. Çay plantasiyaları, möhtəşəm şəlalələr və təcrübəli velosipedçiləri belə sınağa çəkən dağ yolları ilə tanınan bu şəhər yarış iştirakçılarına unudulmaz anlar yaşadacaq.
Yeni mövsümün açılışı olaraq, “Gran Fondo” Ayvalık 6-7 sentyabr tarixlərində keçiriləcək və iştirakçılara bu tarixi şəhərin çiçəklənən küçələri, zeytun bağları və sahil qayalıqları boyunca velosiped sürmək imkanı təqdim edəcək. Yarış Pamukkaledə 20-21 sentyabrda, Çeşmedə 25-26 oktyabrda keçiriləcək.
Payızda Antalyada keçiriləcək bir digər “Gran Fondo” 6-9 noyabr tarixlərində iştirakçılara şəhərin yumşaq payız iqlimindən həzz almaqla yanaşı, təbii mənzərələrini kəşf etməyə imkan verəcək. Nəhayət, yarış İzmirdə 22-23 noyabr tarixlərində başa çatacaq. Bu mərhələ, iştirakçıları şəhərin tarixi mərkəzindən gözəl sahil xəttinə qədər davam edən unudulmaz bir səfərə çıxaracaq.