İngiltərəni çempion edən azərbaycanlı
Bu gün dünyaşöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 100 illik yubileyidir.
TNS Tofiq Bəhramov barədə maraqlı faktları təqdim edir:
Azərbaycanın ən tanınmış futbol hakimi olan Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub.
Tofiq Bəhramov idman tarixinə keçmiş SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi düşüb. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Tofiq Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət olub.
Tofiq Bəhramova dünya şöhrəti gətirən oyun isə 1966-cı il İngiltərədə keçirilən dünya çempionatının final qarşılaşması olub. Almaniya - İngiltərə final matçında yan xətt hakimi kimi yaşıl meydanda olan Tofiq Bəhramov qarşılaşmada Cef Hertzin qapı xəttindən keçən qolunu qeydə alıb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.
O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.
Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb.
Dünyada hakimlər içərisində ilk dəfə 2004-cü ildə məhz ona abidə ucaldılıb.
Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun haqqında sənədli film də çəkilib, ingilis yazıçısı Artur Hopkraft özünün ən məşhur “Futbol adamı” kitabını ona həsr edib.
Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Azərbaycanda ölkənin bir nömrəli idman arenası – Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır.
T. Bəhramov 1993-cü il martın 26-da Bakıda vəfat edib. O, 2-ci Fəxri Xiyabanda dəfn edilib.