"Bütün oyunlarda qalib gəlsək, "Real Madrid" olarıq" - "Qarabağ"ın futbolçusu
“Qələbə münasibətilə “Turan Tovuz”u təbrik edirəm. Biz komanda olaraq da pis oynamadıq”.
TNS xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında “Qarabağ”ın futbolçusu Marko Yankoviç Azərbaycan Premyer Liqasının XX turunda “Turan Tovuz”a 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Yarımmüdafiəçinin fikrincə, komanda birinci qol zamanı müdafiədə səhv edib: “ Bəlkə də qapıçı Şahruddin Məhəmmədəliyevə də qarşı qayda pozuntusu var idi. Mən həmin epizodu tam görmədim. Əgər futbolda səhv etməsən, dərs çıxara bilmərsən”.
29 yaşlı futbolçu matç ərzində topa nəzarət baxımından üstün olduqlarını söyləyib: “Yaxşı qol şanslarımız oldu. Böyük üstünlüyə sahib idik. Hər şey öz əlimizdə idi. Amma sonda xal itirdik. Futbolda 2 dəqiqə ərzində istənilən hesabla rastlaşmaq olur”.
Monteneqro millisinin üzvü komandasının Avropa Liqasının əsas mərhələsindəki çıxışına da toxunub: “İstədiyimiz nəticələri qazana bilmədik. Bütün oyunlarda qalib gəlmək mümkün deyil. Əgər hər matçdan qalib ayrılsaq, “Real Madrid” olarıq. Yaxşı komandamız var. Kollektivin motivasiyası pozulmayıb. İndi məğlub olduğumuz görüşlərin təhlilini aparacağıq”.
O, mövsümün sonunda çempion olacaqlarına inandığını vurğulayıb: “Bəzi oyunlarda məğlub ola bilərik, amma çempion olmaq istəyirik. Xal itirsək də, turnir cədvəlində üstünlüymüz var.
M. Yankoviç qış transfer dövründə rəsmi transfer təklifi almadığını deyib: “Əlbəttə ki, başqa klublar tərəfindən maraqlar olur. Amma rəsmi heç nə yoxdur. Mənim hazırda “Qarabağ”la müqaviləm davam edir və bu kluba məxsusam”.
Qeyd edək ki, “Qarabağ” Azəbaycan Premyer Liqasında 50 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.