Close

22:30
06 Yanvar 2025
22:10
06 Yanvar 2025
19:20
06 Yanvar 2025

“Çelsi” xal itirdi, “Mançester Siti” rəqibini darmadağın etdi

İngiltərə Premyer Liqasının 20-ci turunda növbəti oyunlar keçirilib. 

TNS xəbər verir ki, London derbisi “Kristal Pelas” – “Çelsi” “Selhörst Park”da, “Mançester Siti” – “Vest Hem” qarşılaşması isə “Siti of Mançester Stedium”da baş tutub.

London derbidə hesabı açan “zadagənlar” olub: 14-cü dəqiqədə Kol Palmer Ceydon Sançonun ötürməsindən maksimum yararlanıb. Bununla belə, təzyiqi artıran “qartallar” oyunun 82-ci dəqiqəsində istəklərinə nail olublar. Jan-Filipp Mateta Ebereçi Ezenin ötürməsini məntiqi sonluğa çatdırıb və oyunda yekun hesabı müəyyənləşdirib – 1:1.

Paralel keçən digər qarşılaşmada “Mançester Siti” Londonun “Vest Hem”inə dörd qol vurub. 10-cu dəqiqədə “çəkicdöyənlər”in çexiyalı müdafiəçisi Vladimir Soufal topu öz qapısına vurub. Matçın 42 və 55-ci dəqiqələrində fərqlənən Elinq Holann “şəhərlilər”in üstünlüyünü darmadağın həddinə çatdırıb. Cəmi üç dəqiqə sonra Fil Foden komandasının dördüncü qoluna imza atıb. Londonluların gücü isə bir qola çatıb: 71-ci dəqiqədə Niklas Füllkruq qapıçı Stefan Orteqanı məyus edib.

Eyni zamanda baş tutmuş digər qarşılaşmalarda “Aston Villa” “Lester”i (2:1), “Bornmut” “Everton”u (1:0), “Brentford” isə “Sauthempton”u (0:5) yenib. Öncəki oyunda isə “Nyukasl” səfərdə “Tottenhem”dən üstün olub – 1:2.

Günə “Brayton” – “Arsenal” matçı ilə yekun vurulacaq. Turun mərkəzi qarşılaşması isə Mersisaydda keçiriləcək. Çempionatın lideri “Liverpul” əzəli rəqibi “Mançester Yunayted”i qəbul edəcək.