Acunun klubunun oyununa Türkiyə bayrağının buraxılması qadağan edildi - FOTO
Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" bu gün Çempionşipin 26-cı turunda lider "Lids"i qəbul edəcək.
TNS xəbər verir ki, klub oyunöncəsi azarkeşlərinə çağırış edərək, stadiona Türkiyə bayrağı gətirilməməsini istəyib.
2000-ci ildə UEFA Kubokunun İstanbulda keçirilən "Qalatasaray" - "Lids" matçından əvvəl baş verən qarşıdurmada vəfat edən İngiltərə klubunun iki azarkeşinin ruhuna hörmət əlaməti olaraq "Hall Siti" bu bəyanatı yayıb.
Azarkeşlər arasında birmənalı qarşılanmayan bu qərara klubun sahibi Acun Ilıcalı da reaksiya verib. O, sosial şəbəkə hesabındakı paylaşımında azarkeşləri anlayışlı olmağa çağırıb:
"Azarkeşlərimiz bizə jest olaraq, ilk gündən "Hall Siti" matçlarında bayrağımızla stadiona gəlirlər və bu, bizi qürurlandırır. Lakin 2000-ci ildə iki "Lids" azarkeşinin həyatını itirdiyi dəhşətli hadisədən sonra digər komandaların bəzi azarkeşləri bu hadisədən yararlanaraq "Lids" fanatlarını təxribata çəkmək üçün bayrağımızdan istifadə edirlər. Bu gün verilən bəyanat isə bayrağımıza, ölkəmizə qarşı təxribat elementi kimi istifadə olunmasının qarşısını almaq məqsədi daşıyır".
Qeyd edək ki, bu gün keçiriləcək "Hall Siti" - "Lids" matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.