Close

09:26
14 Noyabr 2024

Bakıda jurnalistin ölümünə görə həbs edilən futbolçuya vəzifə verildi

“Səbail” PFK-yə yeni baş məşqçi təyin edilib.

TNS xəbər verir ki, bu barədə klub özü məlumat yayıb.

Məlumatda bildirilir ki, “Səbail” PFK-nın yeni baş məşqçisi Cavid Hüseynov olub. 36 yaşlı mütəxəssislə 2025/2026-cı il mövsümünün sonuna qədər müqavilə imzalanıb. 13 noyabr tarixində, saat 18:00-da Cavid Hüseynov komandamızla ilk məşqinə çıxacaq, məşqdən 15 dəqiqə öncə KİV nümayəndələri üçün "ASCO Arena"da brifinq təşkil ediləcək.

Qeyd edək ki, Cavid Hüseynov son olaraq “Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, C. Hüseynov 2015-ci ildə mərhum jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs edilmişdi. 2015-ci il avqust ayının 8-də jurnalist R. Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, sabiq futbolçu C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxunub. Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və iş Səbail Rayon Məhkəməsinə göndərilib. May ayının 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə C. Hüseynovun cəzası 1 il 2 aya endirilib, cəza müddəti başa çatdığı üçün o, məhkəmə zalından azadlığa buraxılıb.