“Qarabağ”ın oyunu sükutla başlayacaq
UEFA-nın himayəsi altında keçiriləcək qarşıdakı oyunlar İspaniyada daşqın qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürəcək.
TNS xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
UEFA-nın bəyanatında deyilir: “Bu həftə UEFA-nın klub yarışlarında bütün oyunlar Valensiyada ölümcül daşqın qurbanlarının, regionda və ondan kənarda zərər çəkənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq”.
Qeyd edək ki, İspaniyada daşqın səbəbindən bəzi rayonlarda yolları su basıb, evlərə və avtomobillərə ziyan dəyib, 100-dən çox insan həyatını itirib. Ölkədəki vəziyyətlə əlaqədar bir neçə dəfə İspaniya kubokunun oyunları təxirə salınıb.
Xatırladaq ki, Azərbaycan klubu “Qarabağ” da bu həftə avrokubok matçına çıxacaq. Ağdam təmsilçisi Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda səfərdə “Bodo Qlimt”lə (Norveç) qarşılaşacaq. Noyabrın 7-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.