Close

Premyer Liqa: “Sabah” “Kəpəz”ə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

TNS xəbər verir ki, günün son qarşılaşmasında “Kəpəz” Tovuz şəhər stadionunda “Sabah”ı qəbul edib. Matç bakılıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı Gəncə təmsilçisinin heyətində 10-cu dəqiqədə Viktor Braqa açıb. Komandanın ikinci qolunu 18-ci dəqiqədə Lassana Ndiaye vurub. Qonaqlarda isə 53 (cərimə zərbəsi) və 85-ci dəqiqələrdə Coy Lens Mikels, 70-ci dəqiqədə isə Cesse Sekidika fərqləniblər.

Günün “Şamaxı” və “Neftçi” arasında baş tutan ilk görüşündə qol vurulmayıb - 0:0.

Qeyd edək ki, tura sentyabrın 1-də keçiriləcək “Zirə”-“Qarabağ” matçı ilə yekun vurulacaq. Turun əvvəlki oyunlarında “Turan Tovuz” evdə “Səbail”i, “Araz-Naxçıvan” isə səfərdə “Sumqayıt”ı məğlub edib.