Canni De Byazi Azərbaycan millisindən ayrılıb - YENİLƏNİB

Canni De Byazi Azərbaycan yığmasını tərk edib.
TNS xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.
"Canni De Byazi özü Azərbaycan yığmasını tərk etmək istədiyini dedi. Bildirdi ki, artıq Azərbaycan yığmasında çalışmaq istəmir. Onunla müqavilə uzadılmayacaq. İcraiyyə Komitəsi də müzakirələr apardı. Belə qənaətə gəldik ki, nəticələrə görə De Byazi yığmada qalmasın. İclasda Canni De Byazinin jurnalistlər haqqında dediyi sözlər də müzakirə olundu. Onun bu açıqlaması birmənalı şəkildə pislənildi”.
Xatırladaq ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasının baş məşqçisi idi.
Bu günlərdə Azərbaycan yığmasının baş məşqçisi De Byazi Belçikaya 0:5 hesablı məğlubiyyətdən sonra qalmaqallı açıqlama ilə yadda qalmışdı. O, məğlubiyyətin səbəblərini soruşmaqla haqlı irad bildirən azərbaycanlı jurnalistləri “axmaq” adlandırmaqla tənqid hədəfinə tuş gəlmişdi.
10:33
AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası başlayıb.
TNS xəbər verir ki, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etməyib.
Bununla yanaşı, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi də iclası erkən tərk edib.
67 yaşlı mütəxəssis toplantıda 10 dəqiqə iştirak edib.
Qeyd edək ki, iclasın gündəliyinə Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.