Close

Onların böyük əksəriyyəti bahalı avtomobillərin sahibləridir - Cərimələrin məbləği 4-5 dəfə artırılmalıdır

Yaşadığımız cəmiyyətimin ən ciddi problemlərindən biri insanlarımızın ictimai yerlərdə özünü apara bilməməsidir. Üzvü olduğumuz bir cəmiyyət üçün bu olduqca ağrılı və utancverici bir durumdur. İctimai yerdə zahirən normal vücudu olan birinin insan təbiyəsindən, əxlaqından uzaq davranışını görəndə, sadəcə, millət adına xəcalət çəkirsən. Hər birimiz hər gün avtomobili düzgün park etməyən və bununla da yüzlərlə digər sürücülərin əsəbləri ilə oynayan nə qədər intizamsız sürücülərlə rastlaşırıq. Adam çox bahalı avtomobili yolun hərəkət hissəsinin bir tərəfində saxlayıb qəza işıqlarını da yandırır ki, “mən park etmişəm”. Belə bir dayaz düşüncəli adam qarşıda 5-10 metr məsafədə normal park etmək üçün yer olsa da,  özünə rahat olsun deyə avtomobili yöndəmsiz bir şəkildə məhz həmin yerdə saxlayır və bununla da  onlarla digər sürücü üçün problem yaradır. Bu gün şəhərimizdə belə intizamsız sürücülərin sayı yetərincədir.

Bəs belə halların qarşısını hansı yollarla almaq mümkündür? Bu məsələdə yollar yox, bir yol var, o da dünyanın keçdiyi yeganə yoldur. Belə sürücülər üçün yüksək cərimələr tətbiq olunmalıdır.  Yüksək cərimə heç kimi rahatsız etməməlidir. Kimlərsə müxtəlif bəhanələr gətirib  deməsin ki, bizdə bunu tətbiq etmək mümkün deyil. Mümkündür, mümkün olmayan heç nə yoxdur.  Məsələ olduqca sadədir: əgər cərimə ödəmək istəmirsənsə, deməli, qaydaları pozmamalısan.  

Bakı şəhərində belə intizamsızlıq edənlərin böyük əksəriyyəti bahalı avtomobillərin sahibləridir. Düşünürəm ki, bu zümrə üçün xüsusi cərimələr müəyyən olunmalıdır. Məsələn, belə sürücü qaydanı pozduğu halda, ona avtomobilin ilkin satış qiymətindən cərimə hesablansa bu çox ədalətli olar və o, əməlinin bədəlini maddi imkanına uyğun bir şəkildə ödəmiş olar. Məsələn, 300 min manat dəyərində avtomobil üçün həmin avtomiobilin dəyərinin 0,1 - 0,5% qədərində cərimə hesablansın (cərimənin məbləği qayda pozuntusunun dərəcəsinə uyğun müəyyən edilsin).

Digər avtomobillər üçün cərimələrin məbləği də bu qayda ilə müəyyən oluna bilər, lakin burada hər bir cərimənin minimal həddi müəyyən edilməlidir ki, avtomobilin dəyəri az olduğu halda cərimənin məbləği müəyyən olunmuş minimumdan aşağı olmasın. Bütün hallarda çox baha olmayan avtomobillər üçün də cərimələrin məbləği indiki səviyyədən ən azı 4-5 dəfə yüksək olmalıdır.  Ölkəmizdə və xüsusilə onun paytaxtı Bakı şəhərində sürücü intizamsızlığı tək avtomobili park etməklə yekunlaşmır. Sürücülər və onların sərnişinləri yedikləri yeməyin tullantılarını, siqaretin qutusunu, kötüyünü məmuniyyətlə avtomobilin şüşəsindən yola atırlar. Sürücülərin əksəriyyəti əlini avtomobilin siqnalının üzərindən çəkməyərək, yerli-yersiz siqnal verib ətrafdakı insanların əsəblərinə toxunur və s. Bütün bu problemlərin həlli məhz yüksək cərimələr vasitəsilə mümkündür. Kim bu problemlərin həllinin başqa yollarını bilirsə buyursun – şəxsən mən onu məmuniyyətlə dinləyərəm.

Fikrət Yusifov,

iqtisad elmləri doktoru, professor

fikret-yusifov