Müharibələrin taleyi dəyişir- Azərbaycan nə etməlidir?

Məlum olduğu kimi, Ukraynanın pilotsuz sualtı qayığından atılan raket Rusiyanın döyüş təyyarəsini vurub. Beləliklə, tarixdə ilk dəfə olaraq pilotsuz dəniz puası qırıcı təyyarəni sıradan çıxarıb. Bu hadisənin yaxın gələcəkdə müharibələrin taleyində fərqli əks-səda doğuracağı müzakirə olunur.
Bəs nələr dəyişə bilər? Azərbaycan bu yeni reallığa hazır olmaq üçün nələrə diqqət ayırmalı, hansı təkmilləşdirmələr aparmalıdır?
Mövzu ilə bağlı TNS-ə danışan hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bir sıra maraqlı məqamlardan bəhs edib:“Müharibələr artıq ötən əsrin müharibələri deyil. Bu gün pilotsuz uçuş aparatları müharibələrin taleyini həll edir. 21-ci əsrin ilk ən böyük savaşlarından biri Qarabağ savaşı olub. 44 günlük Vətən müharibəmizdə biz dünyaya yenilik gətirdik. Pilotsuz uçuş aparatları ilə Ermənistan Silahlı Qüvvələrinin mövqelərində həm kəşfiyyat işləri apara bildik, həm logistikasını təşkil edən xəttlər vuruldu. Silah-sursat anbarları sıradan çıxarıldı. İndi Ukrayna bizim döyüş təcrübəmizi öyrənməyə başlayıb. Artıq Ukraynanın pilotsuz sualtı qayığından atılan raketlə Rusiyanın iki döyüş təyyarəsi sıradan çıxarılıb. Əlbəttə ki, bu, yenilikdir, bir ilkdir. Yəqin ki, təkmilləşdiriləcək. Əgər qırıcı təyyarələr sualtı qayıqdan və dənizdən atılan pualar vasitəsilə sıradan çıxarılırsa, bu, yeni bir şərait yaradır. Ona görə də gələcəkdə müharibələrin taleyində önəmli rol oynayacaq. Sirr deyil ki, bu gün şəxsi heyətin həyatını qorumaq üçün komandanlıq yeniliklərdən istifadə edir”.
Üzeyir Cəfərov bildirib ki, yaranan yeni şəraitdə çox şey dəyişəcək: “Quru qoşunlarda müəyyən bölmələr ixtisara düşəcək. Onların əvəzində puaların tətbiqinin, kəşfiyyat və yaxud dron kamikadzelərin üstünlük təşkil edəcəyini düşünürəm.
Azərbaycan bu məsələdə ilk qaranquşlardan olsa da, gələcəkdə Xəzər dənizində ola biləcək müəyyən gərginliklərə hazır olmalıyıq. Müdafiə Sənayesi Nazirliyimiz var. Müxtəlif ölkələrlə bu sahədə əməkdaşlıq edirik. Son ölkələri xatırlatmaq istərdim. Çin Xalq Respublikası, Serbiya, Qazaxıstan, Çexiya və digər ölkələrlə bu sahədə müəyyən iş həyata keçiririk. Gələcəkdə birgə məhsullarımız olacaq. Hərbi təyinatlı o məhsullardan həm öz ölkəmizin müdafiəsi və təhlükəsizliyi üçün istifadə edə bilərik, həm də tərəfdaş ölkələrin hərbi güc strukturları faydalana bilərlər. Yəni, 21-ci əsrdə müharibələrdə daha çox texnika və texnologiyalardan istifadə olunacaq. Biz də buna hazır olmalıyıq. Bizim Ermənistandan olan qonşularımız da bu məsələyə xüsusi diqqət yetirirlər. Ermənistanın müdafiə nazirinin son xarici səfərində bu məsələ aktuallıq təşkil edilib, müzakirə edilən əsas mövzulardan olub. Bu o deməkdir ki, biz öz müdafiəmiz və təhlükəsizliyimiz üçün yeniliklərdən istifadə etməli, olanları daha da təkmilləşdirməliyik”.
Aygün