“Növbəti təxribatın ermənilər üçün nəticəsi daha ağır olacaq"

“Cənab Prezident çıxışlarında, yerli telekanallara verdiyi müsahibələrdə dəfələrlə Ermənistanın silahlanmasına, Ermənistanda olan revanş xarakterli davranışlara çox açıq və əsaslı şəkildə mesajlarını verib".
Bunu TNS-ə açıqlamasında polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
O bildirib ki, Ali Baş Komandan mesajlarında Ermənistana, onun havadarlarına da, bu ölkəni silahlandırılanlara xəbərdarlıq edib: "Silahlananlara deyib ki, bu yoldan əl çəksinlər. Çünki onlar silahlanma yarışında Azərbaycana çata bilməzlər. Silahlandırılanlara da açıq söyləyib ki, bu prosesi dayandırsınlar və verdikləri silahları da geri götürsünlər. Bu mesaj çox şeydən xəbər verir. İlk növbədə, Azərbaycanın özünə, öz gücünə güvənməsini, hər hansı bir təxribata cavab verə biləcəyini göstərir. Hətta cənab Prezidentin mesajlarında dəfələrlə bu fikir yer alıb ki, Ermənistanın növbəti təxribatı təkcə adekvat cavabla yox, daha tutarlı, daha dağıdıcı nəticələrlə başa gələ bilər”.
Hərbi eskpertin sözlərinə görə, Ermənistan regiondan kənardakı ölkələrin, xüsusilə Fransanın köməyi ilə silahlanır: "Bu istiqamətdə bağlanan müqavilələrin coğrafiyası da get-gedə genişlənir. Siyahıda Hindistan, Cənubi Koreya, Yaponiya, Yunanıstan var. Bunlar isə təbii ki, sülhdən yox, ola biləcək təxribatlardan xəbər verir. Ermənistan silahlandıqca revanşist qüvvələrin, ölkə rəhbərliyinin bəyanatları da dəyişir. Buna görə düşünürəm ki, onlar hər an təxribata əl ata bilərlər. Əlbəttə, bu təxribat Ermənistan üçün lazım deyil, bu təxribat onları silahlandıran havadarlarına öz maraqlarını təmin etmək üçün lazımdır”.
Azadə Yolçu