Close

Atəşkəs üç dəfə pozuldu - Müharibə olacaq?

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. 

Bir gündə 3 dəfə atəşkəsin pozulması nəyə hesablanıb? Bu, Ermənistanın yenidən müharibə istəyindən xəbər verirmi?

TNS-in sualını “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli cavablandırıb.

O bildirib ki, Ermənistana inam yoxdur, onlar götürdükləri öhdəlikləri hər zaman pozub: "Bunu aparılan bütün danışıqlarda görmüşük. Ermənistan müstəqil dövlət deyil, zamanında Rusiyadan asılı idi, indi də Fransadan, ümumilikdə Qərbdən, eyni zamanda Amerikadan asılıdır. Son hadisələr də göstərir ki, Ermənistan regionda maraqlı qüvvələrin təkidi ilə müharibəyə başlaya bilər. Ökə rəhbərliyinin xalqı qorxuda saxlamaq, müharibə xofu yaratmaq üçün bu addımı atması mümkündür. Bilirsiniz ki, Ermənistan əhalisinin çox böyük qorxusu var. Çünki 44 günlük müharibədən sonra onlar canlı qüvvə itiriblər, ordusunun bir hissəsi də əsirlik həyatı yaşayıb. Ona görə də Ermənistanda xalq müharibə istəmir, onlar yaxşı başa düşürlər ki, müharibə olarsa, ölkələrinin mövcudluğu sual altında qalacaq. Lakin Ermənistan hakimiyyəti maşa olduğundan tapşırıqları icra edir. Bu ölkədə ağılsız bir yönətim var, nə istədiyini bilmir. Bu səbəbdən də biz həmişə dəmir yumruğun öz yerində olduğunu bəyan edirik".

E. Həsənlinin sözlərinə görə, müharibə olarsa, bu, Ermənistan üçün çox ağır başa gələcək: "Mən bayram tədbirlərində Kəlbəcərdə, Laçında döyüşçülərlə, ehtiyatda olan hərbçilərlə görüşürəm. Görürəm ki, onların mənəvi-psixoloji və döyüş hazırlığı yüksək səviyyədədir. Orduda qələbə əhvali-ruhiyyəsi də öz yerindədir. Azərbaycan Ordusunda davamlı olaraq təlimlər keçirilir, müvafiq hazırlıqlar yerinə yetirilir, qarşıya qoyulan tapşırıqlar icra edilir. Hərbçilərimiz proseslərə daim nəzarət edir. Müharibə olarsa, bu, Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Necə ki, Ermənistan 30 il onu idarə edənlərin maşası oldu, lakin nəticədə dırnaqarası rejimi tanıtma istəyi iflasa uğradı. Ermənistan fikirləşməlidir ki, Azərbaycan dövləti indi 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri zamanından daha güclüdür. Bu həm ordusunun döyüş hazırlığı, həm də silahlanması baxımından belədir”.

Azadə Yolçu