Close

19:21
12 Mart 2025
18:13
12 Mart 2025

Yeni müharibə mesajı, yoxsa cəmiyyəti təşvişdə saxlamaq cəhdi?

Son günlər Ermənistan mətbuatında aprel ayından ehtiyatda olan şəxslərin orduya cəlb edilməsi, ümumi səfərbərliklə bağlı məlumat yayılır. Keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel - 13 iyun tarixlərində keçiriləcək. Erməni hərbi eskpertlər isə bunu gözlənilən müharibə ilə əlaqələndiriblər.

Ermənistanda gedən son hadisələri və verilən açıqlamaları müharibə anonsu kimi qəbul oluna bilər?

Mövzu ilə bağlı TNS-in sualını ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov cavablandırıb.

O bildirib ki, Ermənistanda səfərbərliklə, yaxud hərbi vəzifəlilərlə müəyyən toplanışlar keçirilməsi analoji haldır: “Bu təlimlər, toplanışlar hər il bəlli plan əsasında keçirilir. Bu, bizdə də müəyyən proqram əsasında icra olunur. Lakin Azərbaycan Silahlı Qüvvələri öz hazırlığını Ermənistanda gedən hadisələrə bağlamır. Azərbaycan ordusu qarşıda olan əsas vəzifəni - ölkənin ərazi bütövlüyünü təmin etmək məqsədilə daim döyüş potensialını yüksəldir. Ordumuz hər an Ermənistan tərəfindən təxribatın qarşısını almağa qadirdir”.

Ş. Ramaldanovun sözlərinə görə, Azərbaycan Ordusu bütün prosesləri müşahidə edir, nəzarətdə saxlayır, yaranmış vəziyyətə görə qarşıda qoyulan tapşırıqlara uyğun təkmilləşir: “Ordumuzun ola biləcək bütün təxribatlara hazır olması Ermənistanda baş verən hadisələrlə bağlı deyil. Bu, gedən prosesləri nəzərə alaraq görülən tədbirlərdir. Erməni mətbuatında yayılan xəbərlər yalnız daxili auditoriyaya hesablanmış məlumatlardır. Yəni, onlar cəmiyyəti həmişə gərginlikdə - təşvişdə saxlamaq istəyirlər. Azərbaycan Prezidenti yerli telekanallarla müsahibəsində Ermənistanın silahlanmasına, onların revanş xarakterli niyyətlərinə açıq və əsaslı mesajlarını verib.

Lakin unutmaq olmaz ki, sülh müqaviləsi yoxdur, yəni, hələ də müharibə şəraitindəyik. Buna görə də müharibə qanunları ilə hərəkət etməliyik və Ermənistanda olan hər hansı texnika, obyekt Azərbaycan üçün legitim hədəf sayılır".

405195

Azadə Yolçu