Close

Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, Azərbaycana akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin Aviasiya Təmir Zavodunda olublar.

TNS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, səfərdə 17 ölkəni təmsil edən 22 hərbi attaşe iştirak edib. Qonaqlara əvvəlcə Aviasiya Təmir Zavodunun yaranma tarixi, inkişaf mərhələləri və hazırkı fəaliyyəti barədə ətraflı brifinq təqdim olunub. Zavodda hərbi aviasiya texnikasının təmirinin və modernizasiyasının həyata keçirildiyi barədə məlumat verilib. 

Sonra nümayəndə heyəti zavodun istehsalat bölmələrini gəzərək təmir, modernizasiya və digər prosesləri əyani şəkildə izləyiblər. Qonaqlar zavodda görülən işləri birbaşa müşahidə etməkdən məmnun olduqlarını bildirərək, burada tətbiq olunan texnologiyaları və mütəxəssislərin peşəkarlığını yüksək qiymətləndiriblər.

İştirakçılar bu cür tədbirlərin beynəlxalq hərbi əməkdaşlığın möhkəmləndirilməsində və təcrübə mübadiləsində əhəmiyyətli rolundan danışaraq səfərin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildiriblər.